Sosial iqtisadiyyat

Səfər Mehdiyev Baş Gömrük İdarəsindəki həbslərə münasibət bildirdi

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin müsahibəsi:

Səfər müəllim, ötən həftə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları rüşvət iddiası ilə saxlanıldı. Bu barədə nə deyə bilərsiniz?

- Gömrük sistemində aparılan islahatların əsas məqsədlərindən biri də korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın tam təmin olunmasıdır. Bu məqsədlə gömrük orqanları vətəndaş-məmur təmasının minimuma endirilməsi, gömrük-biznes münasibətlərinin açıq, şəffaf müstəvidə qurulması üçün bütün zəruri addımları atır və Komitənin aidiyyəti strukturları tərəfindən xüsusi nəzarət tədbirləri həyata keçirilir.

İslahatların reallaşdırılmağa başlandığı andan kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq qanunazidd əməllərə yol verən gömrük əməkdaşlarının qanunvericiliyə uyğun olaraq cəzalandırılacağı dəfələrlə tərəfimizdən bəyan edilib. Bu istiqamətdə gömrük orqanlarının aidiyyəti strukturları tərəfindən aşkar edilən faktlar üzrə təqsirli bilinən şəxslər cəzalandırılıb və bu barədə də ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb.

Bakı Baş Gömrük İdarəsində qeydə alınan fakt da birbaşa Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən nəzarətə götürülüb, müvafiq prosedurlar aparıldıqdan sonra araşdırmanın qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi məqsədilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək birgə əməliyyat həyata keçirilib. Hazırda fakt üzrə araşdırma aparılır və gömrük orqanları gömrük işinin təşkili prosesində ortaya çıxan neqativ halların qarşısının alınmasında təşəbbüskar və maraqlı olan tərəfdir.

Lakin çox təəssüflə qeyd etməliyəm ki, bəzi dairələr məsələni konteksdən çıxarmağa, bu qəbildən olan neqativ halların gömrük orqanlarında guya kütləvi hal aldığına dair rəy formalaşdırmaqla gömrük xidmətinin fəaliyyətinə kölgə salmağa çalışırlar.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bunlar bizi hədəfimizdən yayındıra bilməz, bundan sonra da bütün səylərimizi səfərbər edərək ölkədə münbit sahibkarlıq mühitinin formalaşdırılmasına, xarici ticarət fəaliyyətinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə öz töhfəmizi verməyə çalışacağıq.

- Hazırda gömrük orqanlarına qarşı irəli sürülən ittihamlardan biri də idxal edilən malların gömrük dəyərinin artırılmasıdır. Bu ittihamlara münasibətiniz?

Son günlər bəzi ekspertlər və media orqanları tərəfindən idxal əməliyyatları zamanı bütün malların gömrük dəyərinin süni surətdə artırıldığı iddia edilir ki, bu da əsla həqiqətə uyğun deyil. Belə ki, Azərbaycan gömrük xidməti beynəlxalq aləmdə tətbiq edilən, Ümumdünya Gömrük Təşkilatı tərəfindən tövsiyə olunan üsullar və yanaşmalar əsasında fəaliyyətini formalaşdırıb. Hazırda gömrük əməliyyatları risk əsaslı gömrük nəzarət tədbirləri əsasında həyata keçirilir ki, bu da insan amilinin mümkün dərəcədə aradan qaldırılması, müasir metodologiyaları özündə ehtiva edən xüsusi proqram təminatının tətbiqi ilə reallaşdırılır. Yəni gömrük orqanlarına ötürülən hər hansı gömrük bəyannaməsi proqram təminatı vasitəsilə analiz olunur, risk amili ortaya çıxdığı təqdirdə araşdırma aparılır.

Digər tərəfdən xarici ticarət iştirakçıları tərəfindən həyata keçirilən idxal əməliyyatlarının fərdi qaydada yoxlamaya məruz qalması fiziki baxımdan da mümkün deyil. Belə ki, gün ərzində gömrük orqanları tərəfindən iki minə yaxın gömrük bəyannaməsi emal edilir. Bu bəyannamələrin tək-tək incələnməsi günlərlə, həftələrlə vaxt tələb edir ki, bu da istər sərhədkeçmə, istərsə də rəmiləşdirmə proseslərinin ləngiməsi və nəticə olaraq təchizat zəncirinin davamlılığının pozulmasına gətirib çıxara bilər. Onu da qeyd edim ki, 2020-ci ildə ümumi idxal əməliyyatlarının yalnız 5 faizi ətrafında gömrük dəyəri ilə bağlı risklər yaranıb və dəyərin təshih olunması həyata keçirilib.

Yeri gəlmişkən, avtonəqliyyat vasitələrinin idxalı prosesi zamanı gömrük orqanlarının kütləvi şəkildə gömrük dəyərini süni şəkildə artırdığına dair səslənən iddialar da həqiqətə uyğun deyil. Sadəcə bir faktı qeyd etməklə bu iddialara aydınlıq gətirmək olar. Belə ki, 2020-ci ildə ölkəyə idxal edilən avtonəqliyyat vasitələrinin yalnız 4 faizinin bəyanetmə prosesində gömrük orqanlarına yanlış məlumatlar təqdim edilib və dəyər yenidən müəyyənləşdirilib. Digər hallarda isə vətəndaşlar tərəfindən təqdim olunan sənədlərdə hər hansı uyğunsuzluq aşkar olunmayaraq rəsmiləşdirmə başa çatdırılıb.

- Son günlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda sıxlıqlar müşahidə olunur. Bu sıxlıqların səbəbi nədir və problemin həlli üçün hansı addımlar atılır?

- Dövlət Gömrük Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də sərhədkeçmə proseslərinin sadə və sürətli şəkildə həyata keçirilməsi, beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olumasıdır.

Prezident İlham Əliyevin son illər gömrük sistemində həyata keçirdiyi islahatlar bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yardıb. Gömrük orqanları sərnişinlərin, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, sərhədkeçmə proseslərində vaxt və vəsait itkisinin aradan qaldırılması istiqamətində informasiya texnologiyalarına əsaslanan, insan amilini minimuma endirən bir sıra layihələr və yeniliklər tətbiq edir.

Cəmiyyətə yaxşı məlum olan “Yaşıl dəhliz”, “Sürətli keçid” və digər layihələr, eyni zamanda, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) aparılan texniki təkmilləşdirmələr sayəsində gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyəti 2 dəfədən çox artırılb. Nəticədə, əvvəllər gömrük-keçid məntəqələrindən gündəlik bir istiqamətdə 250 yük nəqliyyat vasitəsinin keçidi təmin olunurdusa, indi bu rəqəm 500-dən çoxdur. Bundan başqa, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinə sərf olunan müddət 15 dəqiqəyə endirilib.

Bütün bu sadaladığım yeniliklər Rusiya Federasiyası ilə sərhəddə yerləşən, ölkəmizin ixrac əməliyyatlarının, tranzit potensialının artırılmasında, şimal-cənub nəqliyyat dəhlizi üzrə yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayan “Samur” gömrük-keçid məntəqəsində də tətbiq edilir. Belə ki, tətbiq edilən yeniliklər hesabına hazırda bu gömrük məntəqəsinin ixrac nəzarət xətti üzrə gündəlik 500-dən çox yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin sıxlıqların yaranmasına gəlincə, buna səbəb mövsümlə əlaqədar həm Azərbaycandan, həm də tranzit yolla Rusiyaya daşınan yüklərin miqdarının normadan artıq olmasıdır.

Onu da qeyd edim ki, “Samur” gömrük postunda son illər aparılan yenidənqurma işləri hazırkı yük axınının hər hansı növbələr yaranmadan keçidini təmin etməyə imkan verir. Lakin Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin buraxılış qabiliyyəti aşağı olduğundan qarşı tərəfdə fəaliyyət göstərən həmkarlarımız gün ərzində maksimum 300 yük nəqliyyat vasitəsinin keçidini təmin edə bilir. Üstəlik, bu rəqəm Rusiya Federal Gömrük Xidməti ilə aparılan mütəmadi danışıqların nəticəsində əldə olunub.  Nəticədə, qarşı tərəfin buraxılış imkanlarının məhdud olması “Samur” gömrük postunun qarşısında mövsümi sıxlıqların yaranmasına səbəb olur.

Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, üstəlik, rusiyalı həmkarlarımızla da yük axınının daha da sürətləndirilməsi məqsədilə mütəmadi danışıqlar aparılır. Ümidvaram ki, yaxın günlərdə problem həllini tapacaq və növbələr tamamilə aradan qaldırılacaq.

Onu da əlavə edim ki, ölkə başçısının göstərişi ilə Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Xanoba” gömrük postu da yenidən inşa olunur və tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Yeni gömrük postu fəaliyyətə başladıqdan sonra Rusiya və əks istiqamətdə yükdaşımaların həcmi artmaqla yanaşı, sərhəddə yaranan növbələr də tamamilə aradan qaldırılacaq.

Eyni zamanda, qarşı tərəfdən də bildirilib ki, Rusiya Federasiyası istiqamətində yerləşən Yaraq-Qazmalar buraxılış məntəqəsində sıxlıqların aradan qaldırılması üçün artıq yenidənqurma və yol infrastrukturunun təkmilləşdirilməsi işlərinin aparılmasına start verilib və ilin sonuna qədər bu işlər də yekunlaşacaq. Nəticədə, adı çəkilən gömrük-keçid məntəqəsindən də gün ərzində 500 yük nəqliyyat vasitəsinin keçidi təmin ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department