Sığorta sektorunda yeni icbari növlərin özəl bazar payına təsir imkanları: icbari tibbi sığorta
Artıq ötən ilin əvvəllərindən etibarən dünyada və Azərbaycanda yeni növ koronavirus infeksiyası olan COVID-19 bir pandemiya kimi qeydə alınaraq sürətlə yayılmağa başladı. Nəticədə hər bir dünya ölkəsi müxtəlif məhdudlaşdırıcı şərtləri özündə ehtiva edən sərtləşdirilmiş xüsusi karantin rejiminə keçid etmək məcburiyyətində qaldı. Təbii ki, bu proses bütün dünya ölkələrində iqtisadiyyatlara bu və ya digər formada öz neqativ təsirini göstərməyə başladı. Neqativ təsirlər də öz növbəsində biznes və xidmət şərtlərində, bununla paralel olaraq istehlakçı və istifadəçi davranışlarında da yeni çağırışların meydana gəlməsinə zəmin yaratdı. Yeni çağırışlarda isə yeni tələblər ön plana çıxdı.
Bildiyiniz kimi, artıq bir müddətdir ki, ölkədə İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əsaslı hazırlıq işləri aparılırdı. Bu yeni sığorta sistemi çərçivəsində baza və əlavə hissələrdən ibarət xidmətlər zərfinin müəyyənləşdirilməsi, xidmət mexanizminin formalaşdırılması, müvafiq istiqamətdə dünya təcrübəsinin öyrənilməsi və mexanizmin müxtəlif regionlarda pilot-test rejimində həyata keçirilməsi hazırlıq prosesi çərçivəsində görülən başlıca işlər oldu. Əslində 2020-ci ilin aprel ayından etibarən ümumrespublika səviyyəsində tətbiqi planlaşdırılan İcbari tibbi sığorta sistemi ölkədə sürətlə yayılmaqda olan COVID-19 pandemiyası səbəbilə 1 il gecikmə ilə, yəni cari ildən etibarən tətbiq edilməyə başladı.
Lakin buna baxmayaraq yerli sığorta bazarı iştirakçıları məhrumiyyətlərlə paralel, həm də yeni meyillər gətirən pandemiya dövründə çağırışlara adekvat reaksiya verə bildi. Çünki xidmət sektoru bütün hallarda dövrün tələbini və zamanın şərtlərini mütləq şəkildə nəzərə almalıdır. Bu nüans sığorta xidmətlərinə də aiddir. Bu mənada “Atəşgah Həyat” Sığorta Şirkətinin “Antikoronavirus”, “Paşa Sığorta” Şirkətinin “COVID Yardım”, “Qala Həyat” Sığorta Şirkətinin «COVID-19» kimi sığorta məhsullarını misal göstərmək olar. Bu sığorta məhsulları da məhz elə bu dövrün tələb və şərtlərinə müvafiq olaraq formalaşdırıldı və tətbiq edildi. Nəticədə bu mahsullar bazar aktivliyi ilə seçildi və proqnozlaşdırıldığı kimi sığortalılar tərəfindən yüksək maraqla qarşılandı.
Lakin bütün bu proseslər çərçivəsində mövcud və potensial sığortalı olan ictimaiyyəti maraqlandıran bəzi məqamlar var idi – “İcbari tibbi sığorta könüllü tibbi sığorta və həyat sığortası bazarına hansı şəkildə təsir edəcək?” və ya “İcbari tibbi sığortası olan vətəndaş nə üçün könüllü tibbi sığortaya da müraciət etməlidir?”.
Azərbaycan Sığortaçılar Assosiasiyasının “Ekspert qrupu”nun üzvü, “Atəşgah Həyat” sığorta şirkətinin nümayəndəsi Şəfəq Həsənova bildirir ki, bu proses ölkədə sığortanın təbliğini stimullaşdıracaq:
“Həyat sığortası xidmətləri ilə İcbari tibbi sığorta ümumi kontekstdən yanaşsaq fərqli istiqamətlərdir. Lakin önəmli olan məqam ondan ibarətdir ki, Həyat sığorta xidmətləri könüllü olaraq tətbiq edilir, amma İvbari tibbi sığorta imperativliyi özündə əks etdirir. Bu mənada hesab edirəm ki, İcbari tibbi sığorta Həyat sığorta bazarına hər hansı bir təhdid təşkil etmir. Əksinə, İcbari tibbi sığorta hər kəsə məcburi olduğu üçün mövcud və potensial sığortaolunan kontingentində digər klassik sığorta növlərinə və ümumilikdə sığorta xidmətlərinə marağı daha da artıracaq”.
Sığorta mütəxəssisi Şəfəq Həsənova bildirir ki, İcbari tibbi sığortanın Könüllü tibbi sığorta bazarına da hər hansı neqativ təsiri gözlənilmir:
“Fikrimcə İcbari tibbi sığorta Könüllü tibbi sığorta bazarının inkişafına əks təsir etməyəcək. Çünki bu iki istiqamət bir-birindən həm xidmətlər zərfinə, həm xidmət şəbəkəsinə görə fərqlənir. Bu fərqlər də mövcud və potensial sığortaolunanlara alternativ seçim imkanları qazandırır. Bəzi xidmət istiqamətləri var ki, onlar Könüllü tibbi sığorta sistemində mövcuddur. Məhz buna görə də sığortaolunan İcbari tibbi sığortası olsa belə, Könüllü tibbi sığorta ilə maraqlanacaq. Bu hissədə də hesab edirəm ki, İcbari tibbi sığorta Könüllü tibbi sığorta bazarını stimullaşdıracaq”.
ASA-nın “Ekspert qrupu”nun üzvü Ş.Həsənova bildirir ki, icbari növlərin könüllü növlərə neqativ təsir etmədiyi praktkada da mövcuddur:
“Praktika da göstərir ki, icbari növlər könüllü növlərə maneə yaratmır, əksinə, onların fəaliyyətini stimullaşdırır. Məsələn, bu gün Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Kasko sığorta üzrə satışlara maneə yaratmır, əksinə, bu könüllü növün satışlarına müsbət təkan verir”.
Müstəqil ekspertlər də bildirirlər ki, İcbari tibbi sığortanın tətbiqi ilə sığortaolunan vətəndaşların sığorta xidmətlərinə marağı daha da artmış olacaq. Ekspertlərin sözlərinə görə, İcbari tibbi sığortanın tətbiqi ilə vətəndaşlar sığorta ilə yenidən tanış olmuş olacaqlar. Bu yeni mexanizm istər həyat, istərsə də qeyri-həyat sığorta xidmətlərinə ümumi anlamda zərər verməyəcək. Əksinə, insanlar sığorta ilə yenidən tanış olacaqlar və sığortaya maraq daha da artacaq.
Ekspertlərin şərhindən də aydın göründüyü kimi, yeni tətbiq edilməkdə olan İcbari tibbi sığorta mexanizminin mövcud vəziyyətdə Könüllü tibbi və ya Həyat sığortası bazarına hər hansı neqativ təsiri müzakirə obyekti ola bilməz. Çünki hər bir mexanizmin öz şərtləri, spesifik xüsusiyyətləri və hədəf trayektoriyası var.
Burada təbii ki, ekspertin də bildirdiyi kimi, ilk növbədə İcbari tibbi sığorta ilə Könüllü tibbi sığortanın xidmət istifadəçilərinə təklif etdiyi xidmətlər zərfi bir-birindən fərqlənir. Eyni zamanda əsas fərqlənən məqamlardan biri də ondan ibarətdir ki, İcbari tibbi sığorta çərçivəsində xidmətlərin göstərilməsində daha çox dövlət səhiyyə müəssisələrinə üstünlük verilirsə, Könüllü tibbi sığorta çərçivəsində özəl tibb mərkəzləri çoxluq təşkil edir. Ən önəmli məqamlardan biri də odur ki, İcbari tibbi sığorta bütün ölkə vətəndaşlarına birmənalı şəkildə şamil edilsə də, yerli sığorta bazarı iştirakçıları Könüllü tibbi sığorta xidmətlərini sığortaolunan korporativ müştərilərə təqdim edirlər və uzun illərdir ki, bu mexanizm aktiv işləkliyini təmin etdiyi üçün şirkətlərdə stabil və hətta ilbəil artan sayda müştəri portfeli formalaşmışdır.
İcbari tibbi sığorta mexanizmi ilə Həyat sığortası bazarı arasında paralellər apararkən və ya müqayisə əsasında fərqləri ortaya çıxararkən yuxarıda qeyd olunan məqamları eynilə aid etmək olar.
Dəyişməz reallıq ondan ibarətdir ki, tətbiq edilməkdə olan İcbari tibbi sığorta imperativlik prinsiplərinə əsaslanmış olsa da, eyni qaydada yerli sığorta bazarı iştirakçılarının illərdir tətbiq etməkdə olduqları tibbi və həyat sığortası xidmətləri könüllülüyə əsaslansa da bazarda hər hansı bir neqativ tendensiyanın müşahidə olunacağı gözlənilmir. Əksinə bu məqam Azərbaycanın sığorta bazarı üçün yeni bir rəqabət mühiti formalaşdırmaqla müasir inkişaf meyilləri yaratmış olacaq. Azərbaycan Sığortaçılar Assosiasiyası əminliklə bildirir ki, yerli sığorta bazarı iştirakçıları mövcud vəziyyətdə hər cür rəqabətə tam hazır və dayanıqlıdır. Çünki ölkədə fəaliyyət göstərən sığorta şirkətləri pandemiya kimi məhrumiyyətlərlə zəngin 2020-ci ili pandemiyasız 2019-cu illə müqayisədə 47.5 milyon manatlıq müsbət dinamika ilə başa vura bilib. Bazar iştirakçıları həm də bu artım dinamikasını təmin etməklə eyni zamanda 2018-ci ildə yığımlar üzrə qeydə alınmış pik həddi də 700 min manat həcmində ötə bilib.
Müvafiq artım tendensiyası yuxarıda haqqında danışdığımız klassik sığorta istiqamətlərində də müşahidə olunmaqdadır. Belə ki, 2019-cu ilin yekun icmal göstəriciləri ilə müqayisədə 2020-ci ildə yerli sığorta bazarı iştirakçıları tərəfindən Könüllü tibbi sığorta növü istiqamətində 5.7 milyon manat artımla 101.5 milyon manat sığorta yığımı təmin edilib. Analoji yüksəliş trendi Həyat sığortası bazarında da müşahidə olunub. Adı çəkilən istiqamət üzrə yerli sığorta bazarı iştirakçıları 2020-ci il ərzində 249.7 milyon manat sığorta haqqı təmin edə bilib ki, bu da 2019-cu ilin müvafiq növ üzrə icmal göstəriciləri ilə müqayisədə 30.4 milyon manat çoxdur.
Eyni zamanda bu istiqamətə yaxın və sahibkarlara birbaşa aid olan, eyni zamanda son dövrlər xüsusi aktivliyi ilə də seçilən İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə də artım dinamikası təmin olunmaqdadır. Belə ki, adı çəkilən növ üzrə ötən ilin yığımları 53.9 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 5.8 milyon manat çoxdur. Rəqəmlərdən də aydın görünür ki, sahibkarların bu sığorta istiqamətinə də marağı ilbəil artmaqdadır.
Qeyd olunan rəqəmlərə və cərəyan edən müsbət tendensiyaya əsaslansaq sevinc hissi ilə etiraf etməliyik ki, hazırda Azərbaycanın sığorta bazarı yeni inkişaf mərhələsindədir. Bu mərhələ təbii ki, çətinliklər zəngin və yüksək məsuliyyət tələb edən bir dönəmdir. Bu periodda sektorda baş verə biləcək istənilən hadisə yeni inkişaf meyillərini formalaşdıran və stimullaşdıran faktor rolunu oynayacaqdır. Yerli sığorta bazarının üzərinə düşən başlıca vəzifə bu mərhələdə dayanıqlı inkişafı qorumaqla rəqabət mühitinə uyğunlaşmaq və proseslərin müsbət yöndə dəyərləndirilməsini realizə etməkdən ibarətdir. Yerli bazar rəqabətə, inkişafa, yeni meyillərə və müasir çağırışlara hazırdır.
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi