“Qaragöl mübahisəsi”nin danışıqları BAŞ TUTMADI
Azərbaycan-Ermənistan sərhədində, Qaragöl ətrafında baş verənlərlə bağlı tərəflərin danışığı baş tutmayıb.
ENA.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcədən elan edildiyi kimi, bu gün, 19 mayda saat 14:00-da danışıqlar davam etdirilməli idi. Ancaq Azərbaycan tərəfi danışıqlara gəlməyib.
Azərbaycanın rəsmi qurumları hələ ki, məsələ ilə əlaqədar rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Rusiya tərəflər arasında vasitəçi olmaq istədiyini bildirərək, Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib.
Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib ki, ölkəsi bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər.
Sərhəd mübahisəsinin kökündə duran səbəb Ermənistanın 1992-ci ildə Laçını işğal edəndən sonra bu ərazidə dövlət sərhədini irəli çəkməsidir. Laçın bölgəsini 2020-ci il noyabrınadək işğal altında saxlayan Ermənistan son günlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-də Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsinə - delimitasiya və demarkasiya işləri görməyə çalışır.
Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub.
Azərbaycan Prezidenti İlham Əliyev olayla bağlı son açıqlamasında deyib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir.
İlham Əliyev bildirib ki, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır.