Evlərin qiyməti bahalaşmağa davam edəcək: əmlak bazarının vəziyyəti
Daşınmaz əmlak bazarında evlərin qiyməti artır. Martın əvvəlində 40 minə təklif edilən ev hazırda 45-46 min manatadır. Hərçənd Qarabağın işğaldan azad olunması nəticəsində başlayacaq dönüşün Bakıda evlərin qiymətini ucuzlaşdıracağı proqnoz olunurdu. Bəs evlər niyə bahalaşır? Bu suala ən doğru cavab isə ev satanla ev alan arasında sövdələşməni həyata keçirən maklerlərdədir. Maklerin bununla bağlı izahı isə belə oldu ki, tikinti materialları bazarında qiymətlər çox bahalaşıb. Ev satan şəxs də həmin materialların qiymətini hesablayaraq, ona paralel şəkildə qiymətləri qaldırır. Yəni, hazır ev almaq istəmirsənsə, get tik. Tikməyin qiymətini hesablayanda isə müştəri hazır almağa üstünlük verir.
Yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 120,4 milyon olub
Rəsmi açıqlamalara görə, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 274 min kvadratmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 38,1% azdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-mart ayları ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 120,4 milyon manat təşkil edib ki, bu da müqayisədə 44,7% azalma deməkdir.
Ümumilikdə 2020-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 957,2 min kvadratmetr təşkil edib. Yəni 2019-cu ilin göstəricisindən 47,6% azdır. 2020-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları isə 1 milyard 367,3 milyon manat olub ki, bu 2,9% artım deməkdir.
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimovun dediyinə görə, pandemiyadan sonra bazarda bir sıra dəyişikliklər olub, aktivlərdə, qiymətlərdə, həmçinin strukturda əhəmiyyətli fərqlər yaranıb. Daşınmaz əmlak bazarında aktivlik 10%-in üstündə azalıb, qiymətlər isə 10%-in üstündə artıb, ümumən aktivlik 10,76% azalıb. Yəni, alqı-satqıların sayı aşağı düşüb. O cümlədən, fərdi yaşayış və bağ evlərinin alqı-satqısı ötən ilin mart ayı, bu ilin aprel ayı ilə müqayisədə 19,59% azalıb. Mənzillərdə 2,76%, torpaq sahələrində 10,37%, qeyri-yaşayış sahələrində isə alqı-satqı sayı 25,09% düşüb. Təbii ki, aktivliyin azalması insanların həyatına, gözləntilərinə mənfi təsir göstərib.
Əgər aktivlik aşağıdırsa, necə olur ki qiymətlər qalxır?
Təkrar mənzil bazarında qiymətlər 0,42% , ilkin mənzil bazarında 7,73%, hərbi yaşayış və bağ evlərində 19,3 %, torpaq bazarında isə 5,95% artıb. Yəni, seqmentlər üzrə müxtəlif artımlar olub. Mənzillərin kirayəsi bazarında isə əksinə 6,6% azalma müşahidə olunub. Xüsusən də obyektlərin icarəsi bazarında kəskin qiymət düşməsi nəzərə çarpır. Təxminən 7,61% azalma olub.
Dəyişikliklər nə ilə bağlıdır?
Tikinti materialları bazarında il ərzində qiymətlərdə 2,54% artım olub. O cümlədən, daş məmulatları bazarında 7,84%, dəmir məmulatlarında 9,09% , taxta məmulatları bazarında 15,63% qiymətlər artıb.
Yəni, tikinti materialları bazarında qiymətlər artdığına görə mənzillərin qiymətində də artım olub. İkinci bir səbəb isə tikintinin həcmində olan dəyişikliklərdir. Statistikaya baxsaq, son 10 il ərzində 2,1 milyon kvadrat metr mənzil istismara verilib. Və 2019-cu ildə ölkə prezidentinin istismara qəbulun sadələşdirilməsi fərmanı ilə əlaqədar 2,1 milyon birdən-birə 9 milyona qədər artdı. Amma, 2020-ci ildə yenə əvvəlki göstəriciyə qayıtdı. İl ərzində orta hesabla Azərbaycanda mənzillərin köhnəlməsi 1,7% göstərici ilə sıradan çıxır. İldə 1% əhalinin sayında artım olur. Bu göstəriciləri ailələrin sayına bölüb, çıxdıqda mənzilə tələbat il ərzində 40-50 min civarındadır. Amma, biz 17-22 min arasında mənzil istismara veririk. Bir tərəfdən tələb artır, digər tərəfdən təklif azalır. Pandemiya dövründə tikintinin həcmi 2 dəfə aşağı düşüb. Yəni, özülü qoyulan binaların sayında 2 dəfə azalma var.
Hansı mənzilə daha çox üstünlük verilir?
Təbii ki, ilk öncə alıcılıq qabiliyyətliliyinə nəzər yetirmək lazımdır. Hər hansı bir şəhərdə mənzillərin qiymətində orta aylıq əməkhaqqını əsas götürürlər. Məsələn, Moskva, İstanbul ilə müqayisədə Bakıda əlçatanlıq göstəriciləri daha yaxşıdır, amma Kiyevlə müqayisədə biz geridəyik, çünki, onlarda qiymətlər daha ucuzdur. 3-4 il bundan əvvəl Bakıda 15-20 mənzil alır və təmir edib kirayə verirdilər. Əmlaka yatırım edirdilər ki, hər ehtimala gələcəkdə sataram. Bugün isə bazarda əsas alıcı kütləsi azlıq təşkil edən orta seqment əhalidir, hansı ki, daha çox ipoteka kreditindən istifadə edirlər. Həmçinin, Mənzil İnşaat Dövlət Agentiliyinin sosial güzəştlərindən istifadə edirlər. Yəni, alıcıların əksəriyyəti bu kateqoriyadandır. Digər bir hissəsi isə orta təminatlı əhalidir ki, onlar köhnə mənzillərini satıb yeni mənzil alırlar. Əsas alıcılar bu təbəqələrdəndir.
Yekun olaraq, ekspertlərin qənaəti belədir ki, qiymət artımı həm də qarşıdakı mövsümi amillərin də yardımı ilə bundan sonra da davam edəcək.