Dövlət bəzi hallarda torpaq sahəsinin dəyərini vətəndaşa ödəməklə ondan ala biləcək

Dövlət bəzi hallarda torpaq sahəsinin dəyərini vətəndaşa ödəməklə ondan ala biləcək.
Sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, qanunvericiliyə yeni maddə əlavə olunur.
Belə ki, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad olunmuş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerinə bələdiyyəyə məxsus torpaq sahəsində yeni evlər və çoxmənzilli binalar tikilərsə, dövlət həmin bələdiyyəyə bunun əvəzində mülkiyyətindən uyğun dəyərdə torpaq sahəsi verəcək.
Sənəddə qeyd olunur ki, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış yerlərinin həmin torpaq sahələrində tikilməsinin məqsədəuyğun hesab edilmədiyi halların dairəsi müəyyən ediləcək.
Vurğulanır ki, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüquqi proseduru yaradılacaq və yeni yaşayış yerlərinin həmin torpaq sahələrində tikintisi məqsədəuyğun hesab edilmədikdə bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq yerlərinin ayrılması nəzərdə tutulur.
Bildirilir ki, yeni yaşayış yerlərinin tikintisi üçün torpaq sahəsi dövlət ehtiyat fondu torpaqlarından, bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılacaq.
Əgər yeni yaşayış üçün uyğun torpaq sahəsi ayrıla bilməzsə, dağıdılmış və ya yararsız hala düşmüş evlərin yerləşdiyi torpaq sahəsi dövlət tərəfindən sahibinə dəyəri ödənilməklə rekvizisiya qaydasında alınacaq.