BİZNES

“Trampa 18 milyon dollar rüşvət verdiyimizi düşünürdülər” - Araz Ağalarov

Rusiyada fəaliyyət göstərən azərbaycanlı milyarder Araz Ağalarov “TASS” agentliyinə geniş müsahibə verib.

“ENA” xəbər verir ki, Araz Ağalarov müsahibəsində ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, eləcə də Rusiya Prezidenti Vladimir Putinlə münasibətindən söz açıb.

Müsahibədən kiçik bir hissəni təqdim edirik:

- Rusiya Prezidentinə problem yaratmayan, əksinə problemlərini həll edən oliqarx. Belə qiymətləndirmə sizə xoşdur?

- Bu, mənim barəmdədir? Qəribə adlandırmadır. Mən bizneslə məşğulam, siyasətə qarışmıram.

- “Daily Mail” nəşrindən sitatdır. Orada sizin adınızı Trampla əlaqələndirdilər.

- Yaxşı, bəli, o zaman ABŞ-ın seçilmiş Prezidentinin Rusiya ilə əlaqələrini axtarırdılar və məni də az qalsın Kremldən elçi təyin etmişdilər.

Səbəb isə Trampın 2013-cü ildə Moskvada keçirdiyi “Miss Universe” yarışmasıdır. Bilirsiniz,necə oldu? Emin Amerikada bir videoklip çəkmək istəyirdi. Hansısa studiya ilə danışıqlar aparırdı. Ona “Miss Universe” rəhbərliyi ilə görüşmək təklif edildi. Çəkiliş üçün modellərə ehtiyac var idi və onlar isə bu işlə məşğuldur. Ünsiyyət prosesində bir fikir ortaya çıxdı: niyə yarışmanı Moskvada keçirməyək? Çox populyar bir şoudur, hər il dünyada 2 milyard tamaşaçı tərəfindən izlənir.

O zaman amerikalılar Eminin hər şeyin təşkil oluna biləcəyi “Crocus City Hall” ilə əlaqəli olduğunu hələ bilmirdilər.

Yeri gəlmişkən, Tramp daha sonra oranın həyatında gördüyü ən yaxşı konsert məkanı olduğunu demişdi.

Hər şey sürətlə baş verdi. Məni Las- Veqasda görüşə dəvət etdilər. Trampla görüşdük və hər şeyi müzakirə etdik. Söhbət üst-üstə üç gün davam etdi. İşçilər də təəccübləndilər: “Donaldın gecə saat üçə qədər restoranda oturduğunu ilk dəfə görürük”.

- İçirdiniz?

 - Xeyr, o ümumiyyətlə spirtli içki qəbul etmir. Mən isə həddini aşmıram.

- Tramp sizə görə necə biridir?

- Hazırcavab, parıldayan bir insan. Əsl şoumen. Heç bir auditoriyada itmir. Görüşdükdən dərhal sonra məni bir mətbuat konfransına apardı, nə kimi heç onu da anlamadım. Tutdu və ardınca apardı: “Gedək”. Sən demə, “Miss ABŞ” üçün seçim mərhələsi imiş.

Bütün tamaşaçılara elan etdi: “Bu, Rusiyadan gələn ən yaxşı adamdır. Bioqrafiyasını öyrənmişəm”.

Və Moskvada bənzər bir şey etdi. Rus biznesmənləri ilə görüşdə rahat idi, hər şeyi yolda tutdu, sualın cavabını istəmədiyi və ya bilmədiyi təqdirdə mövzunu bacarıqla dəyişirdi.

Belə bir tribuna ustası. İnsanlar ona rəğbətlə yanaşdılar, baxmayaraq ki, Tramp hər cür avantyuranı eləmişdi.

Mənə bizneslə bağlı kitablarını bağışladı... Ümumiyyətlə, maraqlı insandır.

Təbii ki, prezident seçilməzdən əvvəl təcili şəkildə adlarımızı əlaqələndirmək istədilər. Əvvəlcə, Trampa Moskvadakı şou üçün yaxşı xatırlamıram, 16 ya 18 milyon dollar verdiyimizi düşünürdülər. Rüşvət verdiyimizi. Bütün ciddiyyətlə araşdırma aparırdılar!

Daha sonra rəsm əsəri ilə bağlı söz-söhbət yaratdılar. Hansı ki, 1961-ci ildə ABŞ-da sərgilənmiş və neçəncisə yer tutmuşdu. Əslində diqqət-çəkən bir şey yox idi. Plakat tərzində sosial realizm. “Sülh, Əmək, May”.

Trampın ad günü bildiyimə görə 14 iyundadır. Ona bu şəkli hələ Moskvaya səfəri zamanı söz vermişdim. Ona söz verdim və sonra təqdim etməyə qərar verdim. Bağlamanı Amerikaya göndərdik, ancaq o haradasa ilişdi, necəsə alınmadı.

O vaxta qədər Donald artıq Respublikaçılardan prezidentliyə vahid namizəd olaraq göstərilir və FBİ tərəfindən qorunurdu. Kəşfiyyat agentlikləri şəklin nə olduğunu, kimdən gəldiyini öyrənməyə başladılar. Əlbəttə ki, məlumatlar yerli mediaya da daxil oldu.

Demək olar ki, Putinin şəxsən bənzərsiz bir sənət əsəri bağışladığını irəli sürdülər. Şəklin qiyməti isə cəmi 10 min dollar idi.

- Yarışdan sonra yenə ünsiyyət qurdunuz?

- Yazışdıq, amma sonra dayandırdıq. Anladım ki, əlaqə saxlamağa davam etsəm, yeni problemlər qaldıracağam. Köhnələri mənim üçün kifayətdir. Bunu demək kifayətdir ki, hətta Eminə ştatlara səyahət etməkdən çəkinmək tövsiyə olundu. Necə deyərlər, qabaqlayıcı tədbir kimi. Oğlum yenə də konsertlər üçün ABŞ-a getdi, amma bir qədər gec. ABŞ prezidenti ilə tanışlığın bir ziyanlı olduğu məlum oldu.

- Bəs Rusiya və Azərbaycan Prezidentləri ilə tanışlıq faydalıdır?

- Bundan şəxsi maraqlarım üçün istifadə etməyi öyrənməmişəm. Bacarmıram. Niyə belə olduğunu da anlamıram. Yəgin ki, fərqli bir xarakterə sahib olmalısan. Və özüm üçün nəyisə xahiş edə bilmərəm. İnanın, heç vaxt bir dövlət müqaviləsi uğrunda mübarizə aparmamışam.

Məsələn, futbolla necə oldu? 2015-ci ilin sonunda Dövlət Şurasının iclasına dəvət aldım. Uzun müddət fərqli şəhərlərdə stadionların inşası, layihələr və podratçılar ilə bağlı problemləri müzakirə etdik. Birdən Putin danışdı: “Ağalarov buradadır?” Cavab verirəm: “Burdayam, Vladimir Vladimiroviç”

Prezidentdən doqquzuncu sırada oturmuşdum. İrəli əyilib mənə baxdı və soruşdu: “Nə deyirsən, stadionlar tikə bilərik?” Başımı tərpətdim: “Təlimat verəcəksiniz, edəcəyik” Ardınca dedi: “Tamam, başlayın”.

İki il ərzində bataqlıqda iki arena tikildi. Başladıq və bitməyincə geri çəkilmədik.

- Hər hansı bir irimiqyaslı layihəyə görə mükafatlandırılmısınız?

- Universitet layihəsinə görə - “Fəxri Fərman”. Stadionlara görə isə, Prezidentin diplomunu verdilər.

Heç bir şey, işləməyə davam edəcəyik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)