Azərbaycanın 5 rayonunda kənd yolları yenidən qurulur
Azərbaycanla Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonunun Dərəcənnət və Təpəcənnət, Yevlax rayonunun Qaraoğlan və Quşçu, Ucar rayonunun Alpı və Qulabənd, Zərbad rayonunun Yarməmmədbağı, Körpükənd və Əlvənd, Ağcabədi rayonunun isə Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata görə, qurumun icra edəcəyi layihəyə əsasən qeyd edilən kənd yollarının ümumi uzunluğu 61,7 kilometdir. IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3.5 m olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1,5 m olmaqla 3 metrə bərabərdir.
Görülən işlər çərçivəsində Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kənd yolları layihəyə uyğun olaraq, torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bununla yanaşı uzunluğu 5.2 km olan Təpəcənnət yolunda 14 ədəd, 6.2 km olan Dərəcənnət kənd yolunda isə 24 dairəvi suotürücü boru quraşdırılıb, həmçinin 1 düzbucaqlı su keçidi inşa edilib. Hazırda hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Layihəyə uyğun olaraq Yevlax rayonunda da 2 kənd yolunun yenidən qurulması icra olunur ki, artıq işlər son mərhələdədir. Bu 4.4 km uzunluğa malik Qaraoğlan və 3.2 km-lik Quşçu kənd yollarıdır. Sözügedən kənd yolları boyunca deformasiyaya uğramış örtüyün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, yeni yol yatağının inşası aparılıb. Yollar boyunca mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan ümumilikdə 57 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri icra olunur.
Ucar rayonunda isə 3.5 km uzunluğa malik Alpı və 3.4 km-lik Qulabənd kənd yolları inşa edilir. Hər iki yolda işlər artıq yekunlaşmağa doğru gedir. Belə ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sözügedən yollarda yeni yol yatağı inşası yekunlaşdırılıb. Hazırda layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası aparılır, yollar boyunca ümumilikdə 31 ədəd dairəvi suötürücü boru quraşdırılır. Bunun ardınca isə yollara 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.
Anoloji işlərin Zərdab rayonu ərazisində 3 kənd yolunda da icrasına start verilib. Bu uzunluğu 15.9 km olan Yarməmmədbağı, 4.7 km uzunluğa malik Körpükənd və 5 km-lik Əlvənd kəndlərinin yollarıdır. Hazırda yollar boyu xüsusi texnikalardan istifadə olunmaqla yatağın genişləndirilərək profilə salınması və IV texniki dərəcəyə uyğun inşası, həmçinin lazımi qarışıqlardan istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilir. Yarməmmədbağı, Körpükənd və Əlvənd kənd yollarında müvafiq olaraq 20, 10 və 9 ədəd dairəvi suötürücü borunun quraşdırılması da layihə üzrə nəzərdə tutulur.
Zərdab rayonu ilə yanaşı Ağcabədi rayonunda Şənlik kəndi yolunun da yenidən qurulması işlərinə başlanılıb. Hazırda kəndə gedən 10.2 km-lik yolda yeni torpaq yatağı və yeni yol əsası inşa edilir. Mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan 16 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri və mövcud 2 avtomobil körpüsünün əsaslı şəkildə təmiri də layihəyə daxil edilib. Texnoloji ardıcıllığa uyğun olaraq, torpaq işlərindən sonra Şənlik kənd yoluna əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Tikintiyə Texniki nəzarət işlərini İtaliyanın “İRD Engineering” şirkəti yerinə yetirir