"Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin meyarları müəyyən edilib"
Bir sıra ekspertlər mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin meyarlarının müəyyən olunmadığı barədə məlumatlar yayırlar.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tənzimləmə və təşviq departamenti müdirinin müavini İlqar Əsgərov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə KOB-a bir sıra güzəştlər verilib. O qeyd edib ki, həmin dəyişikliklərə əsasən, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi, kiçik sahibkarlıq subyektinin təsisçisinin divident gəlirlərinin vergidən azad olunması bu sahəyə dövlət dəstəyinin təzahürüdür. Kiçik və orta sahibkarlıqla məşğul olan biznes subyektləri sənaye klasterləri yaratdığı və klaster şirkətlərinin reyestrinə daxil edildiyi təqdirdə 7 il müddətinə ƏDV-dən, innovasiya fəaliyyəti üzrə startaplar 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunub.
Qeyd edilib ki, KOB subyektləri dövlətin verdiyi güzəşt və imtiyazlardan faydalanaraq öz fəaliyyətlərini şəffaf qurmalı, hesabatlarını və uçot sistemlərini düzgün əks etdirməlidirlər. Bu, həmin sahədə kölgə iqtisadiyyatının təzahürlərinin aradan qaldırılması üçün vacibdir. Nazirlər Kabinetinin təsdiq etdiyi "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" sahibkarlıq subyektlərinin hər birinin konkret öhdəliklərini müəyyənləşdirir. Qərara əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 200-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri subyektlər hesab olunur.