"1 pensiyaçıya 1 işləyən vətəndaş düşür. Bu, yaxşı göstərici deyil"
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovla söhbətimizdə Vergi Məcəlləsində bu sahədə nəzərdə tutulan dəyişikliklərə aydınlıq gətirməyə çalışmışıq.
- Sahib müəllim, Milli Məclis tərəfindən vergi və sosial sığorta ödənişləri ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Dəyişiklikləri 3-cü tərəf mövqeyindən ümumi şəkildə necə səciyyələndirmək olar?
- Hazırda əmək bazarının leqallaşdırılmasını nəzərdə tutan çox mühüm islahatlara start verilib, xüsusilə birbaşa vergi məsələləri üzrə islahatlar daha çox əhəmiyyət kəsb edir. Vergi islahatlarının əsas istiqamətlərindən biri iqtisadiyyatda şəffaflığın təmin edilməsi, «kölgə iqtisadiyyatı»na səbəb olan halların aradan qaldırılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma bazasının genişləndirilməsi və müasir tələblərə cavab verən vergi münasibətlərinin formalaşdırılmasıdır. Bu siyasətin əsas hədəflərindən biri də, vergi ödənişləri ilə bağlı yükün azaldılması və optimal vergi rejiminin təmin edilməsidir. Hazırda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması səbəbindən sahibkarlar əməkhaqqının qeyri-rəsmi yolla ödənilməsinə üstünlük verirlər. Bu isə «kölgə iqtisadiyyatı»nın genişlənməsinə yol açır. Bunun qarşısının alınması üçün vergi və sosial yığımlarla bağlı qanunvericilik aktlarına çox mütərəqqi və əhəmiyyətli dəyişikliklər edilib.
Yeni ildən vergi yükünün azaldılması və vergilərin səmərəliliyinin təmin olunması, sosial vergilərlə bağlı tamamilə yeni qaydaların tətbiqi inqilabi dəyişikliklər kimi qiymətləndirilə bilər. Ötən illərdə vergi və sosial ödəmələrlə bağlı bir sıra dəyişikliklər aparılıb, ancaq indiki qədər əhəmiyyətli və əmək münasibətlərinin tənzimlənməsinə hüquqi əsas yaradan mexanizm olmayıb. Ona görə də bu sahədə ciddi dəyişikliklərin aparılması olduqca zəruri idi. İslahatların əsas təşəbbüskarı olan Vergilər Nazirliyinin bu addımlarını yüksək qiymətləndirmək lazımdır. Qanunvericiliyə edilmiş dəyişikliklər vergi və sosial ödənişlər sisteminin fəlsəfəsini dəyişdirir. Burada söhbət təkcə vergi və sosial ödəmələrlə bağlı fundamental və prinsipial yeniliklərdən getmir, ümumilikdə əmək bazarı sisteminin yenidən formalaşdırılmasının mexanizmləri də dəyişir. İşəgötürənə və işçiyə münasibət dəyişir, vətəndaşların əmək hüquqlarının etibarlı və keyfiyyətli qorunması, onların gələcək sosial müdafiəsinin təmin olunması prinsipləri müasir əsaslara uyğunlaşdırılır.
- Əmək bazarında hazırda vəziyyət necədir, vergi və sosial ödənişlər daha çox hansı sahələrdə yayındırılır?
- Ölkəmizin əmək bazarında neçə ildir ki, qeyri-rəsmi məşğulluq problemi müşahidə edilməkdədir. Hazırda özəl biznes və dövlət sektoru tərəfindən ən çox səsləndirilən fikir budur ki, sosial sığorta vergisi yüksəkdir. Onlar bunu əsas gətirərək işçilərlə əmək müqaviləsi bağlamır və nəticədə qeyri-leqal əmək bazarı yaranır. Mövcud qanunvericiliyə əsasən, işçilərin əməkhaqqından 14 faiz dərəcə ilə gəlir vergisi və 3,5 faiz dərəcə ilə sosial sığorta tutulması ilə yanaşı, işəgötürən tərəfindən əlavə olaraq 22+0,5 faiz dərəcə ilə sosial sığorta ayırması hesablanır və işəgötürənin vəsaiti hesabına maliyyələşir. Beləliklə, ödənilmiş əməkhaqqına görə işçilərin və işəgötürənlərin ümumi vergi yükü 40-51 faiz arasında dəyişir. Bu səbəbdən də sahibkarlar iş yerlərinin rəsmiləşdirilməsindən yayınır və əməkhaqlarının həqiqi məbləğinin gizlədilməsinə çalışırlar. Bu gün ölkədə 5 milyon nəfərə yaxın iqtisadi fəal əhali olmasına baxmayaraq, muzdlu işçilərin məşğul əhalidə xüsusi çəkisi 31,5 faiz təşkil edir. Bu o deməkdir ki, iqtisadi fəal əhalinin yalnız 1/3-i əmək müqaviləsinə malikdir ki, bu da olduqca aşağı göstəricidir. Kənd təsərrüfatında çalışan əhalinin sayının 1,5 milyon nəfər təşkil etdiyi nəzərə alınarsa, o zaman qalan vətəndaşların sahibkarlıq fəaliyyəti ilə və ya əmək müqaviləsi bağlamadan fərdi əməklə məşğul olduğu aydın görünür. Hesablamalara görə, il ərzində 1,5-2 milyard manat sosial sığorta vəsaitləri dövriyyədən kənarda qalır. Bu hal sosial yığımlarla bərabər, əməkhaqqından tutulan gəlir vergisi üzrə daxilolmalarda da özünü göstərir. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi səbəbindən milyonlarla manat vəsait vergidən kənarda qalır.
Dəyişikliyə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda gəlir vergisi üzrə uzunmüddətli vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Təsəvvür edin, hər 1000 manatda 140 manat güzəşt olunur. Paralel olaraq sosial yığımın strukturu dəyişir və sosial ödəmədə işəgötürənlə işçi arasındakı proporsiya dəyişir. 12,5 və 10,5 nisbəti əsasında yeni sosial yığım modeli tətbiq olunur. Bu vəziyyətdə işçinin sosial müdafiə ödəmələri üzrə xərcləri artsa da, gəlir vergisindən əldə etdiyi güzəşt hesabına qazancı artır.
Dəyişikliklərdə mühüm əhəmiyyət daşıyan məqamlardan biri sosial və vergi yığımlarının bir əldə cəmləşməsidir. Bunun Vergilər Nazirliyinə həvalə edilməsi mühüm əhəmiyyət daşıyır. Həm gəlir vergisinin, həm məcburi sosial sığorta haqlarının, həm də işsizliyə görə sığorta ödənişlərinin «bir pəncərə» sistemi ilə tənzimlənməsi, vergi orqanı vasitəsilə həyata keçirilməsi daha effektli olacaq. Bu siyasət həmin sahədə yığımların toplanmasını asanlaşdıracaq, hesabatlılığı təmin edəcək və bu prosesə nəzarətin təşkilinin səmərəliliyini artıracaqdır.
- Sizcə, bu güzəştlərdən sonra işəgötürən-işçi münasibətləri tamamilə leqallaşacaqmı? Yəni əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb etmək halları aradan qalxacaqmı?
- Qanunvericiliyə edilmiş dəyişikliklər əmək bazarında münasibətlərin yenidən formalaşmasına səbəb olacaq. İşəgötürən daha mülki-hüquqi müqavilə bağlamağa maraqlı olmayacaq, çünki əmək müqaviləsi onun üçün daha sərfəlidir, bu zaman ondan gəlir vergisi tutulmayacaq. Bu, həm də işçiyə normal maaş verməyə və onu rəsmiləşdirməyə imkan verəcək.
Ancaq əmək bazarında problemlər həddindən artıq böyük olduğundan bunu təkcə vergi stimulları ilə tənzimləmək də mümkün deyil. Çünki qeyri-formal məşğulluğun səviyyəsinə digər amillər də təsir göstərir. Elə sahələr vardır ki, onları əmək müqaviləsi ilə rəsmiləşdirmək mümkün olmur. Əmək bazarında mülki-hüquqi müqavilələrin sayı həddindən artıqdır. Məsələn, evdə bir neçə günlük xidmət göstərən şəxslər var ki, onların əmək funksiyası uzunmüddətli deyil və bu, mülki-hüquqi müqavilə ilə tənzimlənməlidir. Eləcə də muzdlu işlə əlaqədar müqavilə bağlanmasına zərurət yoxdur, özüməşğul insanların sayı kifayət qədər çoxdur, onların əksəriyyəti kölgə iqtisadiyyatının nümayəndələridir. Bu şəxslər evlərdə , müxtəlif yerlərdə müvəqqəti işləri yerinə yetirirlər. Məsələn, evlərdə və bağlarda 3-4 günlük «san-texnik», yaxud suvaqçı işləyən şəxslərlə müqavilə bağlamaq çox çətindir. Eləcə də, ailə-kənd təsərrüfatlarının üzvləri olan fərdi şəxslərlə müqavilə bağlanması da hüquqi baxımdan çətinlik törədir. Bu cür halları aradan qaldırmaq müəyyən vaxt tələb edir. Ancaq hazırda «kölgə iqtisadiyyatı»nın əsas iştirakçıları olan ticarət, tikinti, xidmət və digər müxtəlif fəaliyyət sahələrini mütləq əmək bazarının iştirakçıları kimi vergiyə cəlb etmək mümkündür və bu prosesi tənzimləmək vacibdir.
- Hər bir islahat güzəşt və stimullarla yanaşı, nəzarətin artırılmasını da tələb edir. Əmək bazarına nəzarətin gücləndirilməsi üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Qanunvericilikdə əmək münasibətlərinin pozulmasına görə cərimələrin sərtləşdirilməsi düzgün addımdır. Bu gün iri və orta pərakəndə satış mərkəzləri, kiçik ticarət və xidmət, tikinti və inşaat materialları bazarında əmək münasibətləri təmin olunmayıb və həmin sahələrdə stimullaşdırıcı tədbirlərə baxmayaraq, yenə də bəzi sui-istifadə halları istisna deyil. Hazırda Cinayət Məcəlləsində əmək müqaviləsinin bağlanmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutulub ancaq işəgötürənlərin böyük bir qismi bu cəzanın ağırlığını sanki dərk etməyərək yenə də əmək qanunvericiliyinin tələblərini pozurlar. Ona görə də cəzaların sərtləşdirilməsi, cərimə və maliyyə sanksiyalarının artırılması da zəruridir. Çünki hazırda sosial sahədə aparılan islahatlar, işçi-pensiyaçı nisbəti bunu zəruri edir. Hər bir ölkədə bir pensiyaçıya 2-3 işçi düşür. Azərbaycanda 1 milyon 500 min rəsmi əmək müqaviləsi olan vətəndaş və o sayda da pensiyaçı vardır. Yəni 1 pensiyaçıya 1 işləyən vətəndaş düşür. Bu, yaxşı göstərici deyil. Rusiyada bu göstərici bizdən 2 dəfə artıqdır. Şərait artıq bunu diktə edir ki, qeyri-rəsmi məşğul insanların rəsmi məşğulluğa cəlb edilməsi yolu ilə əmək münasibətlərini müasir tənzimləmə vasitəsilə həll edəsən. Çünki Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşən yük ildən-ilə artır: əmək pensiyaçılarının maliyyələşdirilməsi fondun öz gəlirləri hesabına reallaşmalıdır. 2025-ci ilə qədər fondun üzərinə düşən maliyyə yükü 2 dəfə artacaq, bunun qarşısında davam gətirmək üçün sosial ödənişlərin həcmini hər il artırmaq lazımdır. Bu günlərdə dövlət başçısı tərəfindən təsdiq edilən yeni məşğulluq strategiyasında həmin məsələlərin həll edilməsi üçün çox ciddi tapşırıqlar qoyulubdur. Dövlət Əmək Müfəttişliyinə əmək bazarına nəzarətlə bağlı əlavə səlahiyyətlər verilməlidir, vergi orqanları kimi onların da yoxlama aparması təmin edilməlidir.
- Bəzi şəxslər güzəştlərin büdcəyə ödənilən vergi və sosial ödəmələrin azalmasına səbəb olacağını iddia edirlər...
- Aparılan islahatların ana xəttini vergi yükünü azaltmaq yolu ilə vergitutma bazasını genişləndirmək təşkil edir. İslahatlar nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq, sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq. Nəticə etibarilə iqtisadiyyatda ciddi artımlar qeydə alınacaq. Səmərəli biznes mühiti iş adamlarına fəaliyyət meydanını genişləndirmək və daha çox qazanmaq; dövlətə isə «kölgə iqtisadiyyatı»nın qarşısını almaq və vergitutma bazasını genişləndirməklə öz xəzinəsinə daha çox vəsait toplamaq imkanı yaradacaq. Belə düşünürəm ki, bu sahədə azalmalar olmayacaq. Aparılmış təhlillər və hesablamalarla vahid gəlir vergisinin tətbiqi nəticəsində fiziki şəxslərin muzdlu işdən və muzdlu işə aid olmayan fəaliyyətindən əldə olunan gəlirlər üzrə 2019-cu ildə cəmi 3 milyard 376 milyon manat, o cümlədən fiziki şəxslərin sosial təminatı məqsədilə onlardan tutulması nəzərdə tutulmuş sabit gəlir vergisi üzrə isə 60 milyon manat vergi daxilolmaları ehtimal olunur. İslahatların sosial baxımdan mühüm nəticələri də olacaq. Bu islahatlar qeyri-dövlət sektorunda çalışan təxminən 450 min nəfərin əmək gəlirlərinin artırılmasına xidmət edəcək.
© Vergiler