Sosial iqtisadiyyat

Azərbaycanda prokurorların maaşları İKİQAT ARTIRILIR

Azərbaycanda prokurorluq əməkdaşlarının aylıq gəlirlərinin kəskin artacağı gözlənilir. 

Bu hazırda Milli Məclisdə baxılan «Prokurorluq haqqında» və «Prokurorluq orqanlarında xidmət haqqında» qanunlara ediləcək dəyişkiliklərdə nəzərdə tutulub.

Dəyişikliklərə əsasən prokurorluq orqanlarına işə qəbul qaydaları bir qədər sərtləşdiriləcək, yəni bu proses daha ciddi tənzimlənəcək və bu sahədə «manevr» imkanları azaldılacaq.

Digər tərəfdən, dəyişikliklərə əsasən,  prokurorluq işçilərinin gəlirləri kəskin artacaq – onların maaşları iki qat artacaq, üstəlik onların sosial müdafiəsini gücdəndirmək üçün həcmi qanun vericiliklə tənzimlənən əlavə ödənişlər veriləcək.

 

Prokurorluğa qəbulla bağlı

Qanunlara dəyişikliklər nəticəsində «Prokurorluq haqqında» qanundan qəbulla bağlı 29-cu maddədən iki müddəa çıxarılıb. Həmin müddəalar aşağıdakılardır:

Prokurorluğa ilk dəfə işə qəbul olunmaq üçün namizədlər müvəffəqiyyətlə müsabiqədən keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər, bir qayda olaraq, bir illik iş təcrübəsi (stajorluq) keçirlər.

Azərbaycan Respublikasının baş prokuroru stajorluq müddətini azalda və ya işini ondan tamamilə azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra işçi attestasiyadan keçirilir və attestasiyanın nəticəsindən asılı olaraq işçinin altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi həll olunur. 

Əvəzində, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» qanunda 5.2-ci maddə aşağıdakı kimi vrilib:

İlk dəfə prokurorluğa qulluğa qəbul edilən şəxslər üçün 6 aylıq stajorluq müddəti müəyyən edilir. Azərbaycan Respublikasının Baş prokuroru hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər. Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilir. Rəy mənfi olarsa, stajor attestasiyadan keçirilir. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.

Başqa sözlə, dəyişikliklər nəticəsində Baş prokurorun stajorluq müddətini azaltması səlahiyyətləri daha dəqiq tənzimlənir.

 

Maaşlar iki qat artırılır

Qanunlara edilən əsas dəyişiklik prokurorlq işçilərinin maaşlarının artırılması və sosial müdafiəsinin güclənlirilməsi ilə bağlıdır.

Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» qanuna edilən əlavəyə görə, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Bundan başqa, «Prokurorluq haqqında» qanuna eilən dəyişikliyə əsasən,

prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Prokurorluğunun xəzinə hesabına köçürülür:

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;

İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.

Əslində indiyə qədər də oxşar qayda vardı, amma vəsaitin ayrılacağı və onun həcmi dəqiq müəyyən edilməmişdi. 

Yeni qayda 2020-ci il iyulun 1-dən tətbiq ediləcək.

«Prokurorluq orqanlarında qulluq keçmə haqqında»  qanuna edilən digər dəyişikliyə əsasən təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərnə də kompensasiya ödənilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)