Xırdalanda borca görə qətl törədən şəxslərə ümumilikdə - 81 İL CƏZA VERİLİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə X.Paşayev 19 il, K.Həsənov 18 il, B.Bayramov 18 il, A.Ruszpeykar 13 il, M.Əhmədov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, prokuror çıxışında X.Paşayevin 20 il, K.Həsənovun 19 il, B.Bayramovun 19, A.Ruszpeykarın 14 və M.Əhmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhəri, 28-ci məhəllədə - bazarın yaxınlığında baş verib.
İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Digər şəxs - 1985-ci il təvəllüdlü, Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğluna odlu silahdan 3 atəş açılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan X.Paşayev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra X.Paşayev, K.Həsənov, B.Bayramov, A.Ruszpeykar və M.Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.