60 mln manatlıq dövlət satınalma müqavilələrində şübhəli hallar aşkarlanıb
2020-ci ildə dövlət qurumları tərəfindən 23 podratçı ilə bağlanılmış müsabiqə əsaslı satınalma müqavilələrinin məbləği ümumi müsabiqə əsaslı satınalma müqavilələrinin məbləğinin 33,2 %-ni təşkil edib.
“ENA” xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.
Hesabata əsasən, 2019-cu ildə bəzi hallarda eyni podratçı ayrı-ayrı sahələrə aid olan malları (iş və ya xidmətləri) təmin edib. Həmin podratçılar 7-11 say olmaqla satınalma predmeti üzrə ümumilikdə müxtəlif satınalan təşkilatlarla 95 mln 238,9 min manat məbləğində 463 müqavilə imzalayıblar.
"Bu halların mövcudluğu dövlət vəsaitlərinin istifadəsində rəqabət mühitinin pozulması və şəffaflığın təmin edilməməsi ilə nəticələnmə riskinin olması anlamına gəlir. Məlumatların təhlili 26 qurum üzrə 60,7 mln manat məbləğində 161 satınalma müqaviləsinin müqavilə tarixi ilə protokol tarixinin eyni günə təsadüf etdiyini, 12 qurumda, ümumiyyətlə, müsabiqəli satınalmaların keçirilməməsi halının mövcudluğunu göstərdi ki, bu da satınalma prosedurlarının tam rəqabət mühiti formalaşdırmasına şübhələr yaradır", - Hesablama Palatası bildirir.