Sosial iqtisadiyyat

Digər regionlarda distant təhsilə keçiləcək? – Açıqlama

“Ümumtəhsil müəssisələrinin distant təhsilə keçməsi ilə bağlı qərarlar yoluxmanın təhlili, mövcud monitorinqlərin, daxil olan məlumatların nəticəsində verilir”.

Bunu açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib.

Onun sözlərinə görə, yoluxma faizi digər regionlarda da artarsa, bununla bağlı qərar verilə bilər: “Amma verilən qərar əsasında deyə bilərik ki, digər regionlarda hazırda buna ehtiyac yoxdur. Çünki ölkə üzrə yoluxmaların 80 faizi 5 şəhər və rayonun payına düşür”.

Qeyd edək ki, Təhsil Nazirliyinin ötən gün verdiyi qərara əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)