Martda pul bazası 452 milyon manat artıb
2021-ci il mart ayının 31-nə Azərbaycanda pul bazasının həcmi 13 milyard 315 milyon manat təşkil edir. Azərbaycan Mərkəzi Bankından (AMB) məlumatına görə, cari ilin mart ayında pul bazası 452 milyon manat və ya 3,5% artıb.
Qeyd edək ki, 30 dekabr 2020-ci il tarixinə pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-mart aylarında pul bazası 1,8% azalıb.
2020-ci ildə Azərbaycanda pul bazası 11,6% artıb.
Qeyd edək ki, pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Dövriyyədə olan nağd pul Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış nağd pullardır – yəni, dövriyyədəki manat əskinazlar və qəpik sikkələr.