BİZNES

Azərbaycanda yağ 51% bahalaşıb: Daxili inflyasiyaya artırıcı təsirlər var

"Dünya ərzaq qiymətləri yanvar-fevralda 6.9%, son 12 ayda 16.7% yüksəlmişdir. Ən yüksək illik bahalaşma yağ (51%) və un məhsulları üzrə (26.5%) qeydə alınmışdır. Dünya bazarında buğdanın bahalaşmasının daxili inflyasiyaya təsirini azaltmaq üçün buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən azad edilmişdir”.

Bu barədə Azərbaycan Mərkəzi Bankın bəyanatında deyilir. AMB vurğulayır ki, dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi daxili inflyasiyaya artırıcı təsir edir.

AMB gözləyir ki, qlobal iqtisadiyyatda, o cümlədən tərəfdaş ölkələrdə iqtisadi artımın bərpasının qeyri-neft ixracı və investisiya axınları vasitəsilə Azərbaycanda tələbin dinamikasına artırıcı təsir göstərəcək.

Bəyanatda neftin qiymətinə dair açıqlamalar da yer alıb. Belə ki, 2021-ci ilin ötən dövrü ərzində bir barrel neftin orta qiyməti 60 dolları ötüb, martın əvvəlindən isə 67 dolları üstələyib.

“Dünya bazarında neftin qiymətinin artım meylinin davam etməsi tədiyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir. OPEC++ razılaşması və dünya iqtisadiyyatının bərpası kimi gözləntilərin təsiri altında neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 60 ABŞ dollarını, mart ayının ötən dövründə isə 67 ABŞ dollarını üstələmişdir. Aparıcı analitik mərkəzlər özlərinin son hesabatlarında cari ilə neft istehlakı və qiyməti proqnozlarını bir qədər artırmışdır”, -  AMB-nin faiz dəhlizinin parametrləri haqqında bəyanatında deyilir.

“Digər tərəfdən yaradılmış beynəlxalq nəqliyyat infrastrukturundan daha aktiv istifadə və mart ayının 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə minməsinin ölkəmizin qeyri-neft ixracının genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir”, - bəyanatda qeyd olunur.

Tənzimləyici bildirir ki, ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında vəziyyət stabil olub, bu ölkələrin əksəriyyətində pul siyasətinin yumşaldılması dayandırılmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)