“Meqa Sığorta” illik hesabatını açıqlayıb: şirkətin vəziyyəti necədir?
“Meqa Sığorta” ASC 2020-ci ili 5,727 milyon manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu 2019-ci illə müqayisədə 62,1% çoxdur.
Ötən il “Meqa Sığorta”nın gəlirləri 32,318 milyon manat (illik müqayisədə 45,8 % çox), xərcləri 25,159 milyon manat (43,4 % çox), mənfəət vergisi ödəmələri isə 1,432 milyon manat (32,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Meqa Sığorta”nın aktivləri 50,247 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 19 % artaraq 21,503 milyon manata, balans kapitalı isə 9,05 % artaraq 28,744 milyon manata çatıb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.