İnşaat və əmlak

Tikintiyə və istismara icazə üzrə "Bir pəncərə" sistemi təkmilləşdiriləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə tikintiyə və istismara icazə verilməsi üzrə "Bir pəncərə" elektron müraciət sisteminin üstünlükləri barədə növbəti dəfə onlayn seminar keçirib.

"ENA" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, seminar ictimai birliklər və biznes assosiyasiyalarının nümayəndələri üçün təşkil olunub, onların şəhərsalmaya dair sualları cavablandırılıb, təklifləri müzakirə edilib. İştirakçılara tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində yeniliklər, islahatların üstünlüklərinin mahiyyəti və yaratdığı imkanlar, həmçinin “Bir pəncərə” sisteminin yenilənmiş funksionallığı, yaxın gələcəkdə daha çox xidmətləri əhatə etmək məqsədilə planlaşdırılan təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.

Təşkilatçılarla yanaşı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” və “Azərsu” ASC-lərin əməkdaşlarının qatıldığı seminar çərçivəsində “Bir pəncərə” sisteminin funksionallığı və icazə proseduru mərhələlərlə iştirakçılara əyani şəkildə təqdim olunub. Bildirilib ki, sistem şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazə alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırmaqla məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını almağa imkan yaradıb.

Qeyd edilib ki, sistemin təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir və artıq portal vasitəsi ilə bütün növ obyektlərin tikintisinə icazələrin alınması da mümkün olub. Seminar çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funkisonal bölməsi nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin elektron qaydada toplanması və elektron icazə alınmasına qədər bütün proses təqdim edilib, ictimai birlik və biznes assosiyasiyalarının nümayəndələrinin səsləndirdiyi təkliflər dinlənilərək qeydə alınıb, sualları cavablandırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)