Bank

Ən çox şikayət bank sektorundan daxil oldu: 372 icrası məcburi göstəriş verildi

Azərbaycan Mərkəzi Bankına 2020-ci ildə istehlakçılar və investorlardan ümumilikdə 18 min 133 müraciət daxil olub. Onlardan 15 min 655 müraciət bank sektoruna, 2 min 262 müraciət sığorta sektoruna, 216 müraciət isə kapital bazarları sektoruna aiddir.

ENA.az hesabata əsasən xəbər verir ki, bu dövr ərzində istehlakçılardan və investorlardan daxil olmuş şikayətlərin araşdırılması nəticəsində nəzarət subyektlərinə ümumilikdə 372 icrası məcburi göstəriş verilib. Bunlardan 186 göstəriş bank sektoru üzrə, 117 göstəriş sığorta sektoru üzrə və 69 göstəriş kapital bazarları sektoru üzrədir.

Görülən tədbirlərin nəticəsi olaraq “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmana uyğun hesablanmış kompensasiya məbləğlərinin bir hissəsi – 92.8 min manat məbləğində vəsaitin 59 vətəndaşa geri qaytarılması, 19 vətəndaşın müraciəti üzrə daşınmaz və daşınar əmlakların girovdan azad edilməsi barədə müvafiq tədbirlər görülüb. Mərkəzi Banka müraciət etmiş 392 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub.

Eyni zamanda, 35 vətəndaşın müraciəti üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrinə səhv təqdim edilmiş məlumatlarda dəyişiklik edilməsi üçün zəruri tədbirlər görülüb. Bununla yanaşı, 2020-ci il üzrə ümumilikdə 1 milyon manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxslərə ödənilib. Kapital bazarları sektoru üzrə isə 43 inzibati xəta haqqında protokol tərtib edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)