Bank

Krediti qaytara bilməyənlərin 87%-i biznesdir: dollarla olan borclanma da azalır

Pandemiyanın maliyyə sektorunun dayanıqlığına yaratdığı təhdidlərin davam etməsi nəzərə alınaraq, dəstəkləyici tədbirlər paketinə daxil olan əsas qərar və tövsiyələrinin tətbiqi müddəti iki dəfə dəyişdirilərək 01 aprel 2021-ci il tarixinədək uzadılıb. Pandemiya ilə əlaqədar ümumilikdə 2020-ci il ərzində banklar tərəfindən 1.2 mlrd. manat məbləğində 52 minə yaxın kredit restrukturizasiya olunub.

ENA.az xəbər verir ki, restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87%-i biznes, 9%- i istehlak, 4%-i ipoteka kreditlərinin payına düşüb. 2020-ci ildə bankların kredit portfeli bağlanmış banklar nəzərə alınmadan hesabat ilinin sonuna 14.2 mlrd. manat olub. Bağlanmış banklar nəzərə alınmadan 2020-ci ildə bankların ipoteka portfeli 13% artıb, biznes kreditlərinin həcmi sabit qalmış, istehlak kreditləri üzrə isə 6.3% azalma olub. Kredit portfelinin 60%-ni (8.5 mlrd. manat) biznes, 26%-ni (3.7 mlrd. manat) istehlak kreditləri, 14%-ni (2 mlrd. manat) ipoteka kreditləri təşkil edir.

Kreditlərin dedollarlaşma trendi davam edib. İl ərzində kredit portfelinin dollarlaşması səviyyəsi 5.6 f.b. azalaraq 30.2%-ə düşüb. Hazırda, biznes kreditlərinin 46%-i, istehlak kreditlərinin 7.4%-i, ipoteka kreditlərinin isə 0.8%-i xarici valyutadadır.

Bank sektorunun likvid aktivləri 10.5 mlrd. manat olmaqla bank sektorunun cəmi aktivlərinin 32.9%-ni təşkil edir. Sektorun ani likvidlik əmsalı 60.9% təşkil etməklə minimum tələbi (30%) 2 dəfə üstələyir.

2020-ci il ərzində bank sektorunun cəmi öhdəlikləri 2.8% (0.8 mlrd. manat) azalaraq 27.4 mlrd. manat təşkil edib. Depozitlər cəmi öhdəliklərin 74%-i həcmindədir ki, bunun da 40%-i (8.2 mlrd. manat) əhalinin əmanətləridir. Hesabat ilində əmanətlərin həcmində azalma (8%-lik) sektordan kənarlaşdırılan banklarla bağlı olub. Bağlanan banklar nəzərə alınmadan əhalinin əmanətləri 2.9% artıb. Əhalinin əmanətlərinin 83%-i Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunub. 4 bankın sektordan kənarlaşdırılması və pandemiyanın olmasına baxmayaraq, struktur amillər çıxılmaqla əmanət portfelinin həcminin sabit qalması bank sektoruna olan inamın göstəricisidir.

Milli valyutanın məzənnəsində müşahidə olunan sabitlik əmanətlərin dedollarlaşma prosesinə də müsbət təsir göstərib. Bağlanmış banklar nəzərə alınmadan 2020-ci ildə əmanətlərin dollarlaşması 1.4 f.b. azalaraq 51.3% olub.

Banklarda likvidlik, bazar və əməliyyat risklərinin idarə edilməsi və stress-testlərin aparılması üzrə requlyativ tələblər müəyyən edilmiş, müvafiq normativ sənəd layihələri hazırlanmışdır. Pandemiya şəraitində banklara əlavə requlyativ yükün yaradılmaması məqsədilə qaydaların tətbiq edilməsi 2021-ci ilə təxirə salınmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)