Azərbaycanda investisiya vəsaiti azalmaqda davam edir
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 1 338,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 32% az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 13,5%, qeyri neft-qaz sektoruna yönəldilən vəsait isə 49% azalıb. İstifadə olunmuş vəsaitin 1 071,2 milyon manatı və yaxud 80 %-i məhsul istehsalı sahələrinə, 146,8 milyon manatı və yaxud 11%-i xidmət sahələrinə, 120,4 milyon manatı və yaxud 9%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 678,4 milyon manatını və yaxud 50,7%-ni daxili vəsaitlər təşkil edib, 1 143,1 milyon manatı və yaxud 85,4%-ni bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 74%, bank kreditləri 9,7%, əhalinin şəxsi vəsaitləri 9,1%, sair vəsaitlər 3,8%, büdcə vəsaitləri isə 3,4% təşkil edib.