Azərbaycan-Türkiyə ortaq investisiyalı 4 müəssisə yaradılır
“Bu ilin fevralın 18-də Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Biznes forum çərçivəsində “Bakı Tekstil Fabriki” MMC ilə “Bakü Örme Kumaş Sanaye Ve Ticaret LTD” şirkəti, “Bakı Tekstil Fabriki” MMC-nin törəmə müəsisəsi olan “Beteks” şirkəti ilə Türkiyənin “Koçaklar Tekstil” müəssisəsi arasında müqavilə imzalanıb”.
Bunu “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva bildirib.
Onun sözlərə görə, həmin müqavilərə görə, Azərbaycanla Türkiyə arasında 4 müəssisə açılacaq: “Bu müəssisələrdə 720-ə yaxın insan iş yerləri ilə təmin ediləcək. Müəssisələr Sumqayıt Kimya-Sənayə Parkında yaradılacaq. Layihələrin ümumi investisiya dəyəri 15 milyon ABŞ dolları təşkil edir. Hər iki ölkənin şirkətləri investisiya qoyuluşunda bərabər paya sahibdirlər. Müəssisələrdən ikisi yaxın 6 ayda tikiləcək, digər 2 müəssisənin tikintisi isə növbəti ilə planlaşdırılır”.
Bununla yanaşı, Səkinə Babayeva forum çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri olaraq Türkiyənin Beynəlxalq Sərmayə və Biznes Konfederasiya ilə birgə sənəd imzaladı: "Bu, iki təşkilat arasında atılan ilk əməkdaşlıq addımıdır. Türkiyənin Beynəlxalq Sərmayə və Biznes Konfederasiyasının 167 ölkədə nümayəndələri var, konfederasiya xarici dövlətlərdə qadınlarımızın istehsal etdiyi məhsulların satışına dəstək olacaq”,-S.Babayeva əlavə edib.
Xatırladaq ki, Türkiyə-Azərbaycan binzes forumu çərçivəsində hökumət üzvləri və iş adamları arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard ABŞ dolları, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard ABŞ dolları təşkil edib.