“AzerGold”un Müşahidə Şurası təsdiqləndi
Azərbaycan Respublikası Prezidenti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir,
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Rövşən Nəcəf – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü
Müşahidə Şurasının üzvləri
Elçin Ağakişiyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi rəisinin birinci müavini
İlham Pənahov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru
Samir Qurbanov – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2021-ci il.
Cəmiyyətin Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) ümumi rəhbərliyi və Cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirir.
Müşahidə Şurasının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:
- Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün sənədlərə baxıb Nazirliyə təqdim edir;
- Cəmiyyətin inkişaf strategiyasının formalaşdırılması barədə və illik fəaliyyət planlarına dair Nazirliyə təkliflər verir;
- kənar auditorun, habelə digər yoxlamalarının nəticələrinə baxır və bu yoxlamaların yekunlarına dair tədbirlər görür;
- Cəmiyyətin Müşahidə Şurasının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və icrasına nəzarət edir, habelə Cəmiyyətin icra strukturlarının və əməkdaşlarının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunması qaydalarının icrasına nəzarət edir.
- İdarə Heyətinin müraciəti əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq seçilmiş kənar auditoru və ona ödəniləcək xidmət haqqının miqdarını təsdiq edir.
- ssudaların, borcların, kreditlərin, zəmanətlərin alınması və verilməsi üzrə tələblər müəyyənləşdirir, habelə Cəmiyyətin büdcəsinin, fəaliyyət planlarının və investisiya proqramlarının icrasına nəzarət edir;
- Kredit öhdəliklərinin Cəmiyyət tərəfindən qəbuluna razılıq verir;
- Cəmiyyətin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə bağlı Nazirliyə təkliflər verir;
- təftiş komissiyasının təşəbbüsü ilə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi barədə qərar qəbul edir.