Dövlət şirkətlərinin satınalmaları artıb
2020-ci ildə Azərbaycanda dövlət satınalmalarının həcmi 6 milyard 567 milyon manat təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bəyan edib.
“2019-cu il ərzində göstərici ilə müqayisədə dövlət satınalmalarının həcmində artım 14,8% təşkil edib”, - Abbasbəyli bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müsabiqələr vasitəsilə dövlət satınalmalarının payına 3,5 milyard manat düşüb. Bu isə 31,2% artım deməkdir.
Təkliflər sorğusu vasitəsilə satınalmaların həcmi 1 milyard 36,1 milyon manat, açıq tenderlər vasitəsilə - 1 milyard 222,9 milyon manat, kotirovka sorğusu vasitəsilə - 111,5 milyon manat təşkil edib.
“2020-ci ildə elektron dövlət satınalmalarının həcmi 930 milyon manata çatıb və 2019-cu illə müqayisədə 14,2% artıb”, - Abbasbəyli vurğulayıb.