İqtisadi Şuranın hüquq və vəzifələri müəyyənləşib
Azərbaycan Respublikasının İqtisadi Şurasının vəzifə və hüquqları müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”də əksini tapıb.
Sənəddə qeyd edilib ki, Şuranın vəzifələri aşağıdakılardır:
– bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətləri üzrə dövlət orqanları (qurumları) arasında məlumat mübadiləsini təmin etmək;
-Şuranın fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarımildə bir dəfə məlumat vermək;
– ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin və sosial-iqtisadi inkişaf strategiyasının, eləcə də həyata keçirilən iqtisadi islahatların ictimai müzakirəsini təşkil etmək və nəticəsindən asılı olaraq Azərbaycan Respublikası Prezidentinə təkliflər vermək;
– Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.
– Öz vəzifələrini həyata keçirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:
– bu Əsasnamə ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, habelə beynəlxalq təşkilatları, elmi müəssisələri və aidiyyəti dövlət orqanlarını (qurumlarını) cəlb etmək;
-beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
– fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı işçi qruplar yaratmaq;
-fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək;
– dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, həmçinin beynəlxalq təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
– Şuranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
– Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək