Sosial iqtisadiyyat

Milyonlarla dolları havaya sovuran sabiq məmurlarla bağlı - TƏKLİF

“Yaşıl zona” və “Ağıllı şəhər və kənd” layihələrinin icrası üçün maliyyə mənbələrini haradan tapmalı ?

Azərbaycanda son 10-15 ildə elə İT layihələr olub ki , icrasına başlayan anda iflas olub.

Ziya Məmmədovla bağlı olan, 100 milyon $ dəyərində iflasa uğramış nəqliyyatın intellektual idarəetməsi layihəsi ilə əlaqəli bir neçə gün öncə yazmışdım.

Fikrimcə, Ziya müəllim indi heç olmasa işğaldan azad olunan ərazilərdə bu cür infrastrukturun qurulmasına dəstək verə bilərdi.

Digər bir məsələ isə hazırda bu regionda qurulacaq alternativ, bərpa olunan enerji təminatı ilə bağlı “yaşıl zona” layihələri və "rəqəmsal aqrar sektor" üçün maliyyə mənbələrinin tapılmasıdır.

Fikrimcə keçmiş məmurlar Etibar Pirverdiyev və Heydər Əsədov da bu sahədə təcrübəlidir və köməklik göstərə bilərlər.

Etibar Pirverdiyevin rəhbərliyi ilə 58 milyon $ vəsaitlə ölkə üzrə bütün enerji sektorunu avtomatik rejimdə idarə etməyə imkan verən informasiya sistemi qurulmuşdu .

2018-ci ildə baş verən enerji qəzasında məlum oldu ki, belə bir sistem yoxmuş. Hazırda büdcədən Azərenerji-yə xeyli vəsait ayrılıb və SCADA sistemi yenidən qurulur.

Bu baxımdan ,düşünürəm ki , Etibar Pirverdiyev işğaldan azad olan ərazilərdə “yaşıl zona”-nın qurulmasına xeyli köməklik göstərə bulərdi.

“Ağıllı şəhər və kənd” layihəsinin reallaşacağı ərazilər əsasən aqrar regiondur. Bu baxımdan güman ki, burada əsasən aqrar sahənin , kənd təsərrüfatı xidmətlərinin rəqəmsallaşmasına da üstünlük veriləcək

Xatırlayıram ki , keçmiş Kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi zamanı, 2015-2016-ci ildə Elektron Kənd Təsərrüfatı Sisteminin qurulması üçün 4.8 milyon manat vəsait ayrılmışdı. Nazirlik bunu Caspel şirkətinə həvalə etmişdi. AVROPA İttifaqı da dəstək verirdi.

İnam Kərimov nazir təyin olunanda məlum oldu ki, əslində belə bir informasiya sistemi faktiki olaraq mövcud deyilmiş.

Hazırda büdcədən yenidən vəsait ayrılıb və ASAN Elektron Kənd Təsərrüfatı Sisteminin yenidən qurulması ilə məşğuldur.

Bu baxımdan düşünürəm ki , Heydər Əsədov da işğaldan azad olan ərazilərdə “ağıllı bağların”, “kənd təsərrüfatının intellektual idarəetmə sisteminin “ qurulmasına xeyli töhfə verə bilər

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department