Statuslar

Tarif çempionları...

6 ay əvvəl ekspert qrupumuz dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyilə bağlı araşdırmaların nəticələrini dərc elədi.

Hesabatlılıq və şəffaflıq çox aşağı səviyyədə, korporativ idaretmə yox, ictimai nəzarət imkanı ümumiyyətlə yox.

Belə şəraitdə xərclərin formalaşması, vəsaitlərdən səmərəli istifadə ilə bağlı quru statistik rəqəmlər ictimai güvən qazana bilməz. Normalda heç olmazsa, Hesablama Palatası Türkiyə nümunəsində olduğu kimi hər il bu şirkətləri kənar ictimaiyyət adına audit edə, hesabatların nəticələrini ictimailəşdirə bilər - bu da yoxdur.

Ona görə də tariflər hesabına davamlı olaraq gəlirləri artırmaq çıxış yolu deyil - xərclərin optimllaşdırılması baş verməyincə, bu şirkətləri büdcənin boynundan endirmək mümkün olmayacaq.

Elə götürək, vətəndaşlar üçün tarifləri qaldırmaqda çempion olan "Azərsu"nu. 2019-cu maliyyə ilinin nəticələrinə görə, yekun zərəri 592.5 mln. manat olub. Satışların maya dəyəri və bütün digər əməliyyat xərcələri birlikdə məcmu xərcləri 800 mln. manat ətrafında dolaşıb. Ümumi gəliri 200 mln. manatdan bir az çox olub. Nəticədə 600 mln. manata yaxın əməliyyat zərəri yaranıb. İndi deyək tarifləri 2 dəfə artırmaqla zərərinizin 200 mln. manata yaxın hissəsini xalqdan çıxardınız. Bəs, hazırkı xərcləmələrlə 400 mln. manatlıq yerdə qalan zərəri neynəyəcəksiniz? Yenə də büdcədən nasos kimi sorma davam edəcəkmi? Bəs, xərcləri optimallaşdırmaq üçün hansı tədbirlər var? Niyə Hesablama Palatası hansı xərc maddələrində mümkün şişirtmələrin olduğuna dair mövqeyini ortaya qoymasın ki? Bu qurum hansı gün üçün yaradılıb?

Rövşən Ağayev
iqtisadçı-ekspert 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department