Bank

“Azərsun Holdinq”in bankı 2020-ci ildən necə çıxdı? - TƏHLİL

Azərbaycanda daha bir holdinq bankı maliyyə göstəricilərini açıqlayıb. “Azərsun Holdinq”ə aid olan “Azərbaycan Sənaye Bankı”ASC pandemiya ilindən aktivlərinin azalması, digər banklardakı depozitlərinin geri çəkilməsi, mənfəətinin azalması ilə çıxsa da bankın ümumi vəziyyətini dayanıqlı hesab etmək olar. 

 

Aktivləri niyə azalıb?

Banklar üçün ən mühüm göstəricidən - aktivlərdən başlayaq. Bu il yanvarın 1-nə ASB-nin aktivləri 911,505 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 7,5% azdır. Aktivlərin azalmasının mənbəyi kimi, ilk gözəçarpan müştərilərə verilmiş kreditlərin həcmindəki azalmadır. Bank müştərilərə 316 milyon  991 min manat kredit verib və beləliklə, 2020-ci ildə Bankın kredit portfeli 4,4% kiçilib. Ümumilikdə kredit portfelinin aktivlərdəki payı 34,7% təşkil edir. Aktivlərin tərkibinə baxsaq, başqa banklardakı depozitlərin heçmi və nağd vəsaitlərində azalma baş verib.

 

Depozit portfelində kiçilmə davam edib

Hesabat dövründə ASB-nin öhdəlikləri 8,8% azalaraq 807,36 milyon manata, o cümlədən depozit portfeli 10,5% azalaraq 639,932 milyon manata düşüb. Bank mərkəzi Bankdan aldığı vəsaitin həcmi azalsa da, digər banklardan aldığı kreditlərin bir hissəsini qaytarıb. Bu da öz növbəsində öhdıliklərin azalmasına səbəb olub.

 

Bölüşdürülməmiş mənfəəti 40 milyona çatır

Bankın balans kapitalı 4,5% artaraq 104,144 milyon manata çatıb. Nizamnamə kapitalı dəyişməyərək 60 milyon manat təşkil edir. Bank ötən illərdən 38 milyon 133 min manat bölüşdürülməmiş mənfəəti yığılıb. Məcmu kapitalı isə 101 milyon 528,39 min, məcmu kapitalın adekvatlıq əmsalı 17,09% təşkil edib. Xatırladaq ki, məcmu kapitalın adekvatlıq əmsalı sistem əhəmiyyəti olmayan banklar üçün minimum 11% təşkil edir.

 

Mənfəəti azalıb

Azərbaycan Sənaye Bankı” 2020-ci ili 5 milyon184 min manat xalis mənfəətlə başa vurub. Bu, 2019-cu ilə nisbətən 32,6% azdır.

2020-ci il ərzində ASB-nin gəlirləri 37 milyon 624 milyon manat, xərcləri 31,763 milyon manat təşkil edib. Bank xüsusi ehtiyatlara ayırmaları 687 min manat təşkil edir və dəyişməyib. Mənfəət vergisi ödəmələri isə 31% azalaraq 1,364 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)