Axtar

Cabbarov: Azərbaycan 2021-ci ildə iri dövlət şirkətlərini özəlləşdirməyi planlaşdırmır

Azərbaycan hökuməti 2021-ci ildə iri dövlət şirkətlərinin səhmlərinin satışını planlaşdırmır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bu il üçün dövlət şirkətlərinin, o cümlədən Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin satışı nəzərdə tutulmur. Ancaq Azərbaycan yeni özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir və bu proqrama indiyə qədər təklif edilməmiş yeni aktivlər daxil ediləcək”, - deyə M.Cabbarov qeyd edib.

Onun sözlərinə görə, ölkədə ÜDM-in artım tempinin sürətləndirilməsi məqsədilə 21 dövlət şirkətinin idarəetməsinin tapşırıldığı Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.

“Özəlləşdirmə naminə özəlləşdirmə aparmağı və yaxud konkret müddət üçün özəlləşdirməyə getməyi doğru hesab etmirik. Bu səbəbdən işləmək və şirkətlərin səhmdar dəyərini artırmaq imkanı vermək üçün investisiya holdinqi yaratmağa qərar verdik”, - deyə nazir vurğulayıb.

Prezident İlham Əliyev avqustun 7-də “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Holdinqin nizamnamə kapitalı 10 milyon manatdır. Holdinqin yaradılmasında məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

21 iri dövlət şirkəti holdinqin idarəetməsinə verilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33