Elmlər Akademiyasının qurumlarında YOXLAMA APARILIR
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının qurumlarında daxili yoxlamalar aparılır.
ENA.az xəbər verir ki, bu barədə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov bildirib.
Onun sözlərinə görə, yoxlama ilkin olaraq Fizika İnstitutunda aparılıb və nöqsanlar aşkar edilərək müəyyən qərar qəbul olunub.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən Fizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə yoxlama aparılıb.
Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənilməsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.
Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.
İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.