Benəlxalq Bank çirkli pul yuyulmasına qarşı yeni sistem tətbiq edəcək
Azərbaycan Beynəlxalq Bankı (ABB) çirkli pul yuyulması və terrorun maliyyələşdirilməsi hallarına qarşı FİCO Tonbeller proqram təminatından yararlanacaq.
“BI” xəbər verir ki, bu barədə FİCO şirkətinin rəsmi saytındakı məlumata görə, ABB uyğunluq risklərindən boyun qaçırmaq üçün “Siron” modullarından, o cümlədən müştərilərin davranışına və transaksiyalara nəzarət (SironAML), müştərilərinin scrinninqi və risklərinin qiymətləndirilməsi (SironKYC), transaksiyaların cari vaxt üzrə scrinninqi üçün (SironEmbargo) istifadə edəcək. Yeni proqram təminatı sayəsində bankın mürəkkəb ssenarilər, süzgəçlər, o cümlədən açar söz və meyarlar yarada biləcəyi də qeyd olunur.
“Dünya maliyyə bazarlarının cari vəziyyətini, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi ilə bağlı risklərin artmasını nəzərə alaraq Azərbaycan Beynəlxalq Bankı bu cür riskləri minimuma endirmək və həmkarları ilə əməkdaşlığı təmin etmək istiqamətində addımlar atıb”, – ABB-ın idarəçi direktoru Fuad İslamov bildirib.
ABB FİCO-nu seçənədək beş ay ərzində bazarı ətraflı araşdıraraq uyğunluğa avtomat nəzarətin əsas məhsullarını qiymətləndirib.