“Facebook”da reklama 46 mln. dollar xərcləmiş iş adamının səhifəsi silindi
“Shared” şirkətinin rəhbəri Jordan Nabigon heç bir səbəb göstərmədən “Facebook”da səhifəsinin silinməsindən şikayət edib.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, 2006-cı ildə bəri şirkət sosial şəbəkədəki reklama və digər layihələrə 46 milyon dollar xərcləyib.
“Əminəm ki, heç bir səhv iş görməmişik. Əgər nəsə olsaydı belə, “Facebook”un bu reaksiyasına dəyməzdi”, – deyə Nabigon “Business Insider”ə bildirib. İş adamı qeyd edir ki, sosial şəbəkə şərt və qaydaların pozulduğunu vurğulasa da, “təfərrüatları açıqlamayıb”.
Ümumilikdə, Nabigonun “Facebook”da bloklanmış səhifəsinin və digər layihələrinin auditoriyası 21 milyon nəfərə çatırdı. Verilən məlumata görə, sosial şəbəkə həm də iş adamının şəxsi səhifəsini blok edib.
Kiçik sahibkarlar bu problemin həllində kömək üçün “Facebook” nümayəndələri ilə əlaqə qurmağın çox çətin olduğunu söyləyiblər. Pandemiya zamanı sosial şəbəkə reklamı və digər kontenti izləmək üçün süni intellektdən istifadə etməyə başlayıb. Bundan sonra bir çox sahibkar təşviqatdakı problemlərdən şikayətlənib.