Bank

Rövşən Ağayev: Mərkəzi Bank sərt hesabatlılıq tələbləri müəyyən etməlidir

Mərkəzi Bank dünən yaydığı bəyanatında öz fəaliyyətində şəffaflığa ehtiyac olduğuna xüsusi vurğu edib. Şəffaflıq ehtiyacını onunla izah edib ki, bu iqtisadi subyektlәrdә adekvat gözlәntilәr formalaşdırmaq və onların davranışına tәsir göstәrmәk üçün bu lazımdır.

İqtisadçı Rövşən Ağayev öz statusunda qeyd edir: 

İzləyənlər bilir, təkcə ötən il 2 dəfə MB-nin informasiya siyasətində şəffaflıq sahəsində ciddi problemlərin olduğunu yazmışam. Biznes və ev təsərrüfatları üçün məlumatlar o qədər açıq olmalıdır ki, onları panikaya salan hər hansı kənar informasiyaların təsirinə düşməsinlər, özləri (ya da inandlqları məsləhətçiləri) ilə birlikdə analiz etmək imkanına malik olsunlar.

Şəffaflıq yalnız qəliz dildə, zəruri məlumatlardan yayınmaqla ayda bir dəfə keçirilən mətbuat konfransları, ya da hər həftə yayılan media açıqlamaları ilə olmur. Əlinizdə dövlət sirri sayılmayan bütün məlumatarı, hesabatları açıq saxlamalısınız. Məsələn, sizi nə məcbur etdi ki, 120-130 səhifədən ibarət, geniş informasiya tutumlu illik fəaliyyət hesabatınızı qayçılayıb 20-30 səhifəlik yığcam bir sənədə çevirdiniz?

Yaxud bizə nə mane olur ki, Türkiyədə olduğu kimi tədiyə balansı statistikasını aylıq əsaslarla yayaq? Axı bu statistika olmadan iqtisadi subyektlər valyuta bazarında nə baş verəcəyilə bağlı obyektiv və operativ informasiyalara malik ola bilməzlər. Rüb bütəndən 3 ay sonra açıqlanan bu statistika yalnız postanaliz üçün təhlilçilərə lazım olur. Biznes və ev təsərrüfatları üçün yarasız statistikaya çevrilir. Bircə mümkünsüzdür, çətindir deməyin, çünki Türkiyə MB edə bilirsə, demək ki, mümkündür. Xüsusilə də hazırkı rəqəmsal infrastrukturun mövcudluğu şəraitində.

Yaxud Mərkəzi Bank manatın real effektiv məzənnəsilə bağlı statistika çox məhduddur. Əsas tərəfdaş ölkələrin hər birinin valyutalarına nəzərən manatın real effektiv məzənnəsinin necə dəyişməsi barədə statistikanı açıqlamaq niyə mümkün olmasın ki? Bu xarici ticarətlə məşğul olan subyektlər üçün vacib informasiyadır.

Bankların hesabatlılığı ilə bağlı MB sərt tələblər müəyyən etməlidir. Bütün banklar üçün açıqlanması məcburi olan informasiyaların siyahısı rəsmi olaraq təsdiqlənməlidir, onadan artıq informasiya açıqlığı artıq bankların öz şəffaflıq potensialına bağlı olamlıdır. Məsələn, bütün bankların xarici valyuta mövqeyi, vaxtı keçmiş kreditlərin müddətlər üzrə bölgüsü barədə ən azından rüblük məlumatlar niyə açıq olmamalıdır ki? Bu informasiyalar depozit qoyuluşu ilə bağlı bank seçimi zamanı müştəriyə yön verən ən vacib informasiyalardır.

Şəffaflıq bəyanatla olmur, çox dəqiq hüquqi standartların, tələblərin müəyyən edilməsi, onların təcrübədə tətbiqini təmin etmədən olmur bu iş.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)