Sənaye

Anar Məmmədov: "2020-ci ildə pandemiyadan ziyan görmədik"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfndən Türkiyənin İzmir şəhərinin Əliağa yarımadasında inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) istehsalını azaltmayıb.

Bunu SOCAR-ın Türkiyədəki yatırımı olan “Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov bu gün keçirilən onlayn görüşdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyası zamanı zavod sadəcə istehsal konfiqurasiyasının dəyişdirilməsinə səbəb olub: “Zavodda dizel yanacağının istehsalına üstünlük verilib. Hazırda STAR-da tam güclə istehsal davam etdirilir".

A.Məmmədov onu da qeyd edib ki, zavodda 2021-ci ildə istehsal gücünü artırmaqla əhəmiyyətli bir dəyər yaratmaq üçün işlər davam etdiriləcək.

O qeyd edib ki, “Petkim” şirkəti 2020-ci ildə bütün dünyada hökm sürən koronavirus pandemiyasından ziyan görmədi: “Əksinə, bu il “Petkim”in istehsal etdiyi məhsullara Türkiyədə tələbat artıb. 2021-ci ildə biz bu yüksək tendensiyanın davam edəcəyinə inanırıq”.

O həmçinin vurğulayıb ki, gələn il üçün yeni adda məhsulların istehsal edilməsi nəzərdə tutulmur.

Türkiyənin neft-kimya nəhəngi olan “Petkim”in illik ümumi istehsalı 3,6 mln ton məhsul təşkil edir. Anar Məmmədovun sözlərinə görə, bu məhsulların 2 milyon tonu satışa çıxarılır: “Petkim”in Türkiyənin neft-kimya xammalı bazarında payı 18 %-dir.

O qeyd edib ki, Türkiyənin yeni nəsil neft emalı zavodu olan STAR zavodunun isə standart xammal neft emalı gücü 10 milyon ton təşkil edir: “Bu, Türkiyənin neft əsaslı məhsullarına olan ehtiyacının təmin edilməsində 20-25 faiz təşkil edir".

A.Məmmədov bildirib ki, bu zavodun emalında illik 10,3 milyon ton xam neft və 0,3 milyon kubmetr təbii qaz istifadə edilir: “STAR Neft Emalı Zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,5 milyon ton) təşkil edir. Bundan başqa, zavod illik 0,3 milyon ton LPG, 1 milyon ton reformat, 0,7 milyon ton neft koksu, 0,2 milyon ton kükürd istehsal edir".

O qeyd edib ki, STAR neft emalı zavodunda 11 mln ton həcmində neftin emalı nəzərdə tutulur: “Gələn il zavodun layihə gücünün üstələyəcəyi və 106 % olacağı gözlənilir. Bu ilin sonuna STAR-da emal olunan neftin həcmi 76 mln barel təşkil edəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)