İrəvanda polis maşınları etirazçıların üzərinə sürüldü - Video
İrəvanda etirazçılar hökumət binasını mühasirəyə alsalar da, bu, hökumət maşınlarının ərazini tərk etməsinə mane ola bilməyib.
“Sputnik Ermənistan” yazır ki, dövlət avtomobilləri ilə hökumət binasının ətrafındakı etirazçıların, eləcə də polislərin üzərinə sürülərək mühasirə qırılıb. Kadrlarda qızlardan birinin iki avtomobil arasında sıxıldığı və polisin aktivistlərlə birlikdə başqa bir avtomobilin kapotuna aşdığı görünür.
Bildirilir ki, hadisə aktivistlərin hökumət maşınlarını qartopu ilə vurmasından sonra başlayıb. Bu anda hökumət avtomobillərindən biri mülki şəxslərin yolu bağlamasına və polisin koridor açmağa çalışmasına baxmayaraq, insanları divara sıxaraq mühasirədən çıxıb.
Bundan sonra nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Hüquq-mühafizə orqanları Tigran Mets prospektinin yolunu təmizləməyə çalışsalar da, bu baş tutmayıb. Əraziyə daxili qoşunların da cəlb olunduğu bildirilir.