Koronavirus Azərbaycanda ictimai iaşə obyektlərinə nə qədər ziyan vurub?
Dünyada koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna mənfi təsir göstərib. Bu hal Azərbaycanda da müşahidə olunub və bu ilin yanvar-noyabr aylarında turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma (cari ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12,0 dəfə, 13,0 dəfə, 11,5 dəfə, 7,7 dəfə, 7,8 dəfə, 6,6 dəfə) nəticəsində mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcminin azalması olub.
Bu ilin noyabr ayında ictimai iaşə dövriyyəsi ötən ilin noyabr ayı ilə müqayisədə 2,1 dəfə azalıb. Nəticədə ictimai iaşə xidmətlərinin dəyəri ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,1 dəfə azalaraq 682,8 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 %-i hüquqi şəxslərin, 53,5 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 315,1 milyon manat olub.