“Türk qapısı”, yoxsa Bakı-Tbilisi-Qarsa rəqib?
Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən Naxçıvana, oradan da Türkiyəyə qədər uzanacaq dəmir yolunun tikintisi Azərbaycanın və bütövlükdə bölgənin dayanıqlı iqtisadi inkişafına xidmət edən bir layihə kimi dəyərləndirilməlidir.
Bunu açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, uzun illər ərzində Azərbaycan faktiki olaraq Naxçıvan və Türkiyə ilə quru sərhədə malik olmadığı üçün Muxtar Respublika ilə əlaqələrimizi hava nəqliyyatı vasitəsilə reallaşdıra bilirdik: “Həm də Azərbaycanın Türkiyə ilə böyük hissəsinin quru əlaqəsi yox idi. Bütün bunlar eyni zamanda həm də Azərbaycanın Avropa bazarlarına çıxışı nöqteyi-nəzərdən problemlərin yaradılmasına şərait formalaşdırırdı. Azərbaycanın Avropa bazarlarına çıxışı yalnız Gürcüstan üzərindən idi ki, bu da müəyyən mənada iqtisadi asıllığın böyüməsinə şərait yaradırdı”.
Ekspert deyir ki, hətta hər hansı yaxın və xoş münasibətdə olduğumuz qonşu ölkələrlə belə iqtisadi münasibətləri qurarkən həddən artıq asıllılıq müəyyən problemlərə səbəb ola bilər: “Onların şərtlərinin həmin ölkələr üçün daha məqbul olmasına şərait yarada bilər. Bu da iqtisadi cəhətdən problemlərin yaranmasına gətirib çıxara bilər. Bunun üçün də biz xarici bazarlara çıxışımızı şaxələndiririk. Eyni zamanda Naxçıvanın Azərbaycan iqtisadi sisteminə daha sıx inteqrasiyası təmin ediləcək ki, bu da olduqca önəmlidir”.