Nadejda Hüseynova: “Bankın arxasında dağ kimi dayanmışıq!”
Bugünkü həmsöhbətimiz Bankın Bək ofis Departamentinin rəhbəri Nadejda Hüseynovadır.
Bankdakı ilk iş gününü necə xatırlayırsınız?
İlk iş günü ən çətin günlərdən biridir. Hər kəs ömründə ən azı bir dəfə bundan keçib: tanımadığı komanda, aydın olmayan tapşırıqlar, səhv etmək qorxusu... Əgər bu sizin ilk iş yerinizdirsə, vəziyyət onda lap çətindir. Əlbəttə, mən də həmin gün çox narahat idim, amma ilk gündən başa düşdüm ki, hər şey yaxşı olacaq, çünki yeni iş yoldaşlarım çox mehriban idilər. Komandadakı əhval ruhiyyə həyəcanı unutduraraq işə diqqət ayırmağa imkan verirdi. İlk iş günlərimdə mümkün qədər çox məlumat toplamağa çalışırdım, təcrübəli həmkarlarımın müştərilərlə necə ünsiyyət qurduğunu müşahidə edirdim, bank proqramının necə işlədiyini anlamağa çalışırdım. Tezliklə bütün prosedurları öyrəndim və nəticədə həm komandaya, həm də proseslərə tez uyğunlaşdım.
“AccessBank”a gəlməyiniz təsadüf idi yoxsa hədəfiniz?
Universiteti bitirdikdən sonra karyeramı qurmağa başlayanda peşə fəaliyyətimi bankla əlaqələndirəcəyimi hələ bilmirdim. Fərqli şirkətlərdə müsahibələrə qatılmışdım, seçimlərdə iştirak etmişdim. O vaxtkı “Azərbaycan Mikromaliyyələşdirmə Bankı”nda müsahibədən keçərkən səmimi atmosfer və rahat ünsiyyət tərzi çox xoşuma gəldi. Bundan başqa, Bankın cəmi 22 yaşlı namizəddən 10 illik iş təcrübəsi tələb etmək əvəzinə, enerjili və motivasiyalı gəncləri işə qəbul etməsi məni heyran etdi. İşə qəbul prosesi çox şəffaf oldu - iki müsahibədən və bir imtahandan keçdim. Bir neçə gündən sonra telefon zəngi gəldi və məlahətli səsi olan bir qadın Bankda işə qəbul olunduğumu dedi.
Sizcə, bu illər ərzində “AccessBank”da ən böyük uğurunuz nədir?
Karyeraya başladıqda hər kəs şəxsi dəyərlərindən asılı olaraq prioritetlərini təyin edir. Bəziləri üçün tanınmış və böyük bir şirkətdə dərhal işə başlamaq, əmək kitabçasında və rezümesində bunun qeyd edilməsi, bəziləri üçün əmək haqqının miqdarı, “yaxşı səslənən” vəzifə daha önəmlidir. Mənim üçün isə yeni biliklərə və praktiki bacarıqlara yiyələnmək, həmçinin peşəkar təcrübə qazanmaq daha önəmli idi. Bütün bunlar mənə gələcəkdə bacarıqlarımı və karyeramı inkişaf etdirmək üçün çox vacib idi.
“AccessBank”da bu illər ərzində müxtəlif vəzifələrdə işləmişəm. Mərkəzi filialda Ofis meneceri və Kredit Bək ofis mütəxəssisi, Baş ofisdə Kredit menecerinin köməkçisi və Biznes Bankçılıq Departamentində aparıcı mütəxəssis, 2010-cu ildən Biznes Bankçılıq Metodologiyası Departamentinin rəhbəri, eyni zamanda Satışa Dəstək Departamentinin rəhbəri vəzifələrində fəaliyyət göstərmişəm.
Hazırda Bək Ofis Departamentinin rəhbəriyəm. Əsas işimiz Bankın filiallarında gündəlik olaraq həyata keçirilən ön ofis işlərini dəstəkləməkdir. Bizim işimiz banka birbaşa mənfəət gətirməsə də, dolayı yolla bu prosesə təsir edir. Azərbaycan dilində belə bir ifadə var: “Arxanda dağ kimi dayanmışam”. Beləliklə, Ön ofis Bankın Mərkəzləşdirilmiş Bək ofisinə güvənərək, işini etibarlı şəkildə həyata keçirdə bilər. Bir sözlə, biz, Bankımızın arxasında dağ kimi dayanmışıq!
“AccessBank” komanda işinin və bacarıqlarının təşviq edildiyi və qiymətləndirildiyi bir yerdir. Peşəkar və dinamik komandanın bir hissəsi olmağımdan, səmərəliliyin artırılmasında və yüksək biznes nəticələrinin əldə olunmasında payımın olmasından çox xoşbəxtəm! Axı Bankın uğuru həm də bizim hamımızın uğurudur!
İşdən azad vaxtlarınızda nə ilə məşğul olursuz? Hobbiləriniz nələrdir?
Əksər bank işçiləri kimi mənim də işim oturaqdır. Yorğunluğumu çıxartmaq üçün üzgüçülük və su aerobikası ilə məşğul oluram. Çətin iş günündən sonra sudan və müsbət emosiyalardan zövq almaq xüsusilə xoşdur. Bu, fayda ilə birləşmiş zövqdür.
Bundan əlavə, səyahət etməyi çox sevirəm, çünki səyahət "adi" həyatdan qaçmağa, yeni mədəniyyətlərlə tanış olmağa və əldə etdiklərinə yenidən, başqa tərəfdən baxmağa yardım edir. Ümid edirəm ki, yaxın gələcəkdə pandemiya sona çatacaq və biz ürəyimiz istədiyi yerlərə səyahət edə biləcəyik.
Bankın komandasına yeni qoşulanlara nə məsləhət görərdiniz?
“Komanda işi” sadəcə quru sözlər deyil. Komandaya uyğunlaşmaqla yanaşı, həmkarlarınız sizə həm də peşəkar tərəfdən yardımçı ola bilərlər. Buna görə ünsiyyətcil və mehriban olun, sual verməkdən çəkinməyin, mümkün qədər çox məlumat almağa çalışın. İşə başlamazdan əvvəl tapşırığı dəqiq başa düşdüyünüzdən əmin olun, çünki sizdən nə tələb olunduğunu tam anlamasanız, tapşırığı düzgün icra edə bilməyəcəksiniz. Sonda isə sərf etdiyiniz vaxt ərzində lazımi nəticə əldə olunmayacaq. Unutmayın, proses deyil, nəticə vacibdir.
"Biz olmayan yer daha yaxşıdır” ifadəsini unudun. İstənilən təşkilatın müsbət və mənfi cəhətləri var. Sadəcə işinizi vicdanla yerinə yetirin. Bu mütləq qiymətləndirilir.
Asudə vaxtınızda isə özünüzü inkişaf etdirin. Bu, gələcəkdə sizə geri dönəcək investisiyadır.