“Facebook” müştərilərlə ünsiyyət qurmağa kömək edən “Kustomer” xidmətini alıb
“Facebook” Amerikanın CRM startapı olan “Kustomer” xidmətini alıb.
ENA.az xəbər verir ki, bu xidmət şirkətlərə “WhatsApp” və “Messenger”də müştərilərlə ünsiyyət qurmağa kömək edəcək.
“Kustomer” müəssisələrə təkrarlanan tapşırıqları avtomatlaşdırmağa kömək edir ki, bu da müştəri ilə qarşılıqlı əlaqə müddətini və keyfiyyətini xeyli artıracaq. Məsələn, startapın inkişaf istiqamətlərindən biri də “chatbot”lardır.
Razılaşmanın şərtləri hələ açıqlanmasa da, WSJ-nin verdiyi məlumata görə, “Facebook” şirkətə təxminən 1 milyard dollar ödəyib.
Xatırladaq ki, dünyada 175 milyondan çox insan müştərilərlə əlaqə qurmaq üçün “WhatsApp”dan istifadə edir.
“PitchBook”un məlumatına görə, son dəfə “Kustomer” xidməti 710 milyon dollar dəyərində qiymətləndirilmişdir. Ona “Tiger Global Management”, “Battery Ventures”, “Redpoint Ventures”, “Cisco Investments” və digərləri investisiya qoyublar.
“Kustomer” 2015-ci ildə amerikan proqramçıları Bred Birnbaum və Ceremi Suriel tərəfindən yaradılıb. Platformanın müştəriləri arasında “Ring”, “Glovo”, “Glossier”, “Sweetgreen” və “Rent the Runway” var.