Bank

Bankların Mərkəzi Bankdan aldıqları borcların həcmi artdı

1 noyabr 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 30 milyard 685 milyon manat təşkil edir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, oktyabr ayında bankların aktivləri 66,1 milyon manat və ya 0,2% artıb.

Ötən 10 ayın nəticələrini ümumi müqayisə etsək, bankların aktivlərinin 6,2% azaldığı məlum olur. Belə ki, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 723 milyon manat təşkil edirdi.

Aktivlərin tərkibinə baxsaq, onun 14 milyard 409,3 milyon manatı və ya 44%-i kredit portfelinin payına düşür. Bu göstərici 2020-ci ilin əvvəli ilə müqayisədə 3,3% azdır.

Bankların kapitallaşmasında tendensiya müsbət olaraq qalır və 2020-ci il oktyabrın 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 0,2% artaraq 4 milyard 593,8 milyon manat təşkil edir.

Gözlənilən proseslər daha çox öhdəliklərin strukturunda baş verir. Belə ki, oktyabr ayının sonuna bankların öhdəlikləri 26 milyard 91,3 milyon manatdır, yəni 7,3% azalma baş verib. Azalma daha çox depozit portfelində davam edir. Noyabrın əvvəlinə banklarda depozit portfelinin həcmi 9% azalaraq 19 milyard 407,5 milyon manata düşüb. Əhalinin əmanətləri  8,8% azalaraq 7 milyard 760,7 milyon manat təşkil edir.

Eyni zamanda, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında borclanması artıb. 10 ayın yekunlarına görə, bankların bu borclarının həcmi 15,2% artaraq 375,8 milyon manata çatıb. Aydındır ki, bu borclanma bankların dövriyyə vəsaitlərinə olan ehtiyaclarının ödənilməsi məqsədi daşıyır.

Tənzimləyicinin məlumatına görə, Azərbaycanda bankların ümumi xalis mənfəəti 478 milyon manat təşkil edib. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,6% azdır.

Yanvar-oktyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 665,6 milyon manat olub ki, bu da 8% azalma deməkdir.

2020-ci ilin yanvar-oktyabr aylarında bankların mənfəət vergisi üzrə ödənişləri 2,3 dəfə artaraq 134,6 milyon manata yüksəlib.

Qeyd edək ki, 1 oktyabr 2020-ci il tarixinə ölkəmizdə 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır. Bankların 444 filialı, 116 şöbəsi var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)