COVID-19-a qarşı peyvənd istehsal edən şirkətin baş direktorunun sərvəti 3 mlrd. dollara çatdı
“Moderna” əczaçılıq şirkətinin baş direktoru Stefan Banselin sərvəti 3 milyard dolları keçib.
ENA.az “Business Insider”ə istinadən verdiyi məlumata görə, Covid-19 peyvəndi istehsalçısı olan bu şirkət, noyabr ayının sonuna qədər ABŞ-ın Qida və Dərman Təhlükəsizliyi İdarəsindən (FDA) istifadə icazəsini almağı planlaşdırır.
Bildirildiyi kimi, Bansel bu məqsədə çatmaq üçün koronavirusa qarşı peyvənd istehsal edən şirkətin təxminən 19 min səhmini satıb. Peyvəndinin 94,5% təsirli olduğunu açıqlayan “Moderna”nın səhmləri bunun fonunda dərhal 10% artıb və bununla da, Banselin sərvəti 3,1 milyard dollara çatıb. Xatırladaq ki, 17 noyabr tarixində onun mülkü 2,7 milyard dollar dəyərində qiymətləndirilib.
“Business Insider”in tədqiqatına görə, son dövrdə koronavirus peyvəndi üzərində işləyən biotexniki və əczaçılıq şirkətlərin rəhbərləri səhmlərini sataraq, 1 milyard dollardan çox gəlir əldə ediblər. Xatırladaq ki, daha əvvəl “Pfizer” şirkətinin baş direktoru Albert Burla səhmlərinin 60%-ni satmışdır.
Ümumilikdə, “Moderna” şirkətinin səhmləri il ərzində demək olar ki, 400% bahalaşıb.