Birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçuları üçün staj müddəti 10 ildən 5 ilə endirildi
Azərbaycanda Milli Məclis dövlət qulluğu haqqında qanunda bir sıra dəyişikləri olan qanun layihəsini müzakirəyə çıxarıb.
Dəyişiklik əsasən yüksək birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçularına verilən dərəcə və stajla bağlıdır.
“Dövlət qulluğu haqqında” qanunun 17.2-ci maddəsində dəyişiklik 3-cü dərəcəli dövlət qulluqçuları ilə bağlı olub. Belə ki, 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri A.R Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada verilir. Bu hissədə 24-cü bənd çıxarılacaq.
Bu isə Prezidentin həmin dövlət qulluqçularına verdiyi dərəcələrlə bağlıdır. Konstitusiyanın həmin bəndlərində 24-cü bəndi isə ali hərbi və ali xüsusi rütbələr verilməsinə dairdir.
Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.
Digər bir dəyişiklik 17.3-cü maddəsində edilib. Həmin dəyişiklik inzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün buna qədər dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır. Lakin, yeni dəyişikliyə əsasən, 10 il 5 il qulluq stajı ilə əvəzlənir.
Qanun layihəsinin 3-cü maddəsində qeyd edilir:
17.4-1 – 17.4-3-cü, 17.7-ci və 17.8-ci maddələr əlavə edilsin:
“17.4-1. Dövlət qulluqçusuna bu Qanunun 17.3-cü maddəsinin birinci hissəsində və 17.4-cü maddəsində müəyyən edilmiş tələblər nəzərə alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi aşağıdakı hallarda verilə bilər:
17.4-1.1. xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə;
17.4-1.2. yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə.
17.4-2. Bu Qanunun 17.4-1-ci maddəsində nəzərdə tutulmuş qaydada dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi onun malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.
Bu Qanunun 17.4-1.1-ci maddəsində nəzərdə tutulmuş halda vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsinə dövlət qulluqçusunun dövlət qulluğunda qulluq etdiyi müddətdə yalnız bir dəfə yol verilir.
Bu Qanunun 17.4-1.2-ci maddəsi dövlət qulluqçusunun tutduğu inzibati vəzifədən bir təsnifat yuxarı inzibati vəzifəyə təyin edildiyi hallarda tətbiq oluna bilər.
17.4-3. Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır. Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq uyğunlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.”
Qeyd edək ki, buna qədər isə işçilərin 3-cü və 5-ci təsnifat dərəcələri üçün qulluq müddəti 3 il, 6-cı və 7-ci təsnifat dərəcələri üçün 1 il staj tələb edilirdi.