Prezidentin köməkçisi: "Qarabağımıza heç bir status verilmir"
"Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır".
"ENA" xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.
General-polkovnikin sözlərinə görə, hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir:
"Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxtəlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir".