MALİYYƏ

Bank müştərilərindən xahiş edilir ki, növbəti təxribata uymasınlar-!

Rəşadətli ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirərək işğal altında olan torpaqlarımızı ardıcıl şəkildə erməni vandallarından təmizləyir və şanlı bayrağımız artıq azad edilmiş şəhər, qəsəbə və kəndlərimizdə dalğalanmaqdadır.

Bütün cəbhələrdə məğlub olan düşmən öz xislətinə uyğun olaraq, çıxış yolunu müxtəlif xarakterli təxribatlarını davam etdirməkdə görür. Növbəti dəfə düşmən tərəfindən Azərbaycan Banklar Assosiasiyasının adından guya Ermənistanın ölkəmizə təcəvüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılması haqqında təxribat xarakterli və həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Əmanətlərin Sığortalanması Fondu qətiyyətlə bu məlumatları təkzib edərək bir daha ölkə əhalisindən, bank müştərilərindən xahiş edirlər ki, çarəsizliyə düçar olan düşmənin bu xarakterli təxribatlarına əhəmiyyət verməsinlər və bunu aciz düşmənin növbəti təxribatı olduğunu nəzərə alsınlar.

Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi hökm sürür, bütün bank-maliyyə institutları normal rejimdə fəaliyyət göstərir və bank-maliyyə infrastrukturu əhaliyə stabil xidmətlər göstərir.

Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislər tərəfindən uğurla dəf edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)