Paşinyan bu paylaşımı ilə gürcüləri hiddətləndirdi
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi feysbuk səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanıb.
“ENA” xəbər verir ki, paylaşımda Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində yaşayan ermənilərin işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatdan sonra ordumuzun haqlı əks-hücumuna qarşı guya bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb. Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq gürcü dilində “Javakheti” əvəzinə, ermənicə “Javakhk” (“Cavakx”) yazılıb.
Bundan sonra Paşinyanın sözügedən paylaşımına xeyli gürcü və azərbaycanlı etiraz edərək “Javakheti is Georgia!” həştəqi ilə şərhlər yazmağa başlayıblar. Haqlı etirazlardan sonra işğalçı ölkənin Baş naziri paylaşımına “Javakheti” adıyla da foto əlavə edib. Amma o, hiddətə səbəb olan “Javakhk” basqılı şəkli də silməyib.
Ermənilərin Gürcüstanın ərazisinə iddialı olmasına münasibət bildirən millət vəkili Fazil Mustafa saytımıza deyib ki, Ermənistanın ərazi iddiaları xəstə təfəkkürdür, vəba xəstəliyi kimi yayılıb:
“Bunlara nə qədər dəstək verib, yaşatmaq istəyənlər varsa, özləri də anlamır ki, onlar müharibə, işğalçılıq tərəfdarlarıdır. Belə olan halda bölgədə ancaq müharibə, işğalçı meyarlar ortaya çıxacaq”.
F. Mustafa bu məsələdə Gürcüstana həmrəyliyimizi nümayiş etdirə biləcəyimizi deyib: ”Onların bu problemdən nə qədər əziyyət çəkdiyini bilirik. Ona görə də bu bəlaya qarşı region ölkələri ilə mübarizə aparmalıyıq”.
Qeyd edək ki, sözügedən ərazi Gürcüstanın qanuni ərazisi olsa da, erməni millətçiləri Samtsxe Cavaxeti bölgəsini Gürcüstanın bir hissəsi hesab etmirlər.