BİZNES

KOBİA: Sahibkara ziyan vuran məmurlar maliyyə kompensasiyası ödəməlidir

“Bu gün mikro sahibkar varsa, bunun mikro idxalı, mikro ixracı, mikro rüsumu, mikro hesabatlılığı olmalıdır. Bu gün biz mikro sahibkarların bir sıra məsələlər üzrə dövlət qarşısında öhdəliklərini ağır hesab edirik. Bunların bir çoxunun tamamilə ləğvinə və yaxud azalmasına gələcək dövrlərdə can atacağıq”.

ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020”də bildirib.

O deyib ki, təəssüf hissilə qeyd etməliyəm ki, KOBİA öz resurslarının 70%-indən çoxunu maraqların qorunmasına sərf edir: “Yəni, bunlar sahibkarlara digər dövlət qurumları və müəssisələr tərəfindən göstərilən xidmətlərdən narazılıqla bağlı olan müraciətlərdir. Bu məsələ ciddi həllini tapmalıdır. Ən başlıcası burda beynəlxalq yanaşma tətbiq edilməlidir. Bu istiqamətdə görəcəyimiz işlər 24 saatlıq Apelyasiya Şuralarının yaradılmasıdır. Kommersiya Məhkəmələri yaradıldı. Lakin biz əldə etmək istədiyimiz nəticələrdən biri də budur ki, sahibkarın gündəlik kiçik bir narazılığı ilə bağlı hər hansı dövlət müəssisəsi və dövlət qurumu tərəfindən daha çox tələb edilən sənəd və prosedurla bağlı sahibkarın şikayəti 24 saat ərzində təmin edilsin və bu müddət ərzində Şura və məhkəmə qərar çıxarsın.

Biz bilirik ki, bu gün məmurun hərəkəti və yaxud hərəkətsizliyi ilk növbədə sahibkara mənəvi ziyanla yanaşı, maddi ziyan vurur. Bu cür maddi ziyanın cavabı elə maddi məsuliyyət olmalıdır. Daha çox tələb edilən sənəd, süründürməçilik, vaxt itkisi sahibkara cavab olaraq maliyyə kompensasiyası ilə əvəz edilməldir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department