Rusiya şirkəti Azərbaycanın keçmiş nazir oğlunun şirkətinə 5 milyon dolları niyə ödəyib?
Rusiyanın "meduza" saytı “Putinin dostları”nın milyonlarla dollar ofşor əməliyyatları başlıqlı yazı verib. Yazıda Beynəlxalq Araşdırmaçı-Jurnalistlər Konsorsiumu və BuzzFeed News-un birgə ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətləri ilə mübarizə üzrə sənədlərini (FinCEN) araşdırdıqları qeyd edilib.
Sənədlərdə rusiyalı biznesmenlərin tranzaksiyaları öz əksini tapıb. Həmin sənədlərə istinad edilərək qeyd olunur ki, milyarderlər və şirkətlər “Vladimir Putinə yaxın adamların hesablarına milyonlarla dollar köçürüb”.
FinCEN-in hesabatına görə, söhbət 2 trilyon dollardan çox vəsaiti əhatə edən əməliyyatlardan gedir və sənədlərdə Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluna aid olduğu göstərilən şirkət də yer alıb.
Belə ki, şübhəli əməliyyatların siyahısına Rusiyanın MTS şirkətinin Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun oğluna məxsus şirkətə 5,3 milyon dollar ödəməsi faktı da salınıb.
Britaniyanın Virginiya adalarında yerləşən bu “Caspian Telecommunication Ltd” şirkətilə əlaqəyə gəlincə, MTS bildirib ki, şirkətin Azərbaycanla heç bir biznesi yoxdur və heç vaxt da olmayıb. 2015-ci ildəki ödəmələrə gəlincə, bunun müqavilə əsasında beynəlxalq rabitə ilə bağlı olduğunu vurğulayıb.
Sənədlərdə xeyli sayda tanınmış şəxslərin adı keçir. Məsələn, prezidentin müşaviri Valentin Yumaşevin Britaniyanın Virginiya adalarında yerləşən “Epion Holdings Limited”şirkətindən 6 milyon dollar aldığı göstərilir. Bu şirkətin isə Alişer Usmanova məxsus olduğu bildirlir.