Sənaye

Pandemiyanın Cənub Qaz Dəhlizi layihəsinə təsiri

Neft-qaz sənayesi pandemiya dövründə

Ölkəmiz neftin tarixi vətəni sayılır. Orta əsrlərdən bəri müxtəlif tarixçilərin və səyyahların əsərlərində Abşeron yarımadasındakı neft yataqları və hasilatı barədə yazılar vardır.  Dənizdən ilk dəfə neft sənaye üsulu ilə məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılıb. Həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində neft-qaz sektoru ölkəmizin iqtisadiyyatının inkişafında böyük rol oynamışdır. Bundan sonra da onilliklər ərzindən bu sahənin inkişafı ölkəmizin iqtisadiyyatı üçün aparıcı rola sahib olacağı gözlənilir. Neft-qaz sektorundan əldə edilən maliyyə vəsaiti xalqımızın rifahı və ölkəmizin qeyri-neft sektorunun inkişafına yönəldilir.  2000-ci illərdən bəri ölkədə fəaliyyət göstərən neft-qaz şirkətləri (xüsusilə SOCAR və BP) tərəfindən böyük miqyaslı sosial və iqtisadi layihələr həyata keçirilmiş və yüksək inkişaf göstəriciləri əldə edilmişdir. Neft-qaz gəlirlərinin böyük hissəsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən idarə olunmaqla gələcək nəsillərə saxlanılır. Hazırda, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından əldə olunan gəlirlər Azərbaycanın bütün neft və qaz gəlirlərinin əsas hissəsini təşkil edir.

2020-ci ildə dünyadakı bir çox sahələrə mənfi təsir etmiş COVID-19 pandemiyası neft-qaz sektoruna da təsirsiz ötüşmədi. Bu pandemiya nəticəsində neft-qaz sahəsində baş verən böhranının dərinliyi və müddəti hələ də qeyri-müəyyən olsa da, ekspertlər hesab edir ki, yaxın bir il ərzində qiymətlərdə cəlbedici göstəricilərə çatmaq çətin olacaqdır. Misal üçün, bu yaxınlarda ABŞ-ın Enerji İnformasiya Agentliyi 2021-ci ilin ikinci yarımilliyinə kimi neftin bir barelinin qiymətinin təqribən 50 ABŞ dollara kimi qalxacağını proqnozlaşdırmışdır.

Mövcud şəraitdə neft və qaz sənayesi intensiv rəqabət, tələbin davamlı azalması, investorlar tərəfindən nağd vəsaitin qoyuluşuna daha ehtiyatla yanaşması və ətraf mühitə, o cümlədən, iqlimə təsirlərlə bağlı dövlət və qeyri-dövlət qurumlarının təzyiqləri ilə davamlı rastlaşdığı yeni dövrə qədəm atmaqdadır. Bu çətinliklərə baxmayaraq, neft və qaz hələ də ən əlverişli və geniş istifadə olunan enerji mənbəyi olmaqla, on illərlə cəlbediciliyini itirməyəcək. McKinsey şirkətinin ehtimallarına görə, neftə olan tələbat 2030-cu illərdə ən yüksək həddə çatacaq və sonra tədricən enməyə başlayacaq.

Hal-hazırda COVID-19 böhranı neft-qaz sənayesində əsaslı dəyişikliklərə səbəb olmuşdur. Belə ki, dünyada baş verənləri izləyərkən görürük ki, neftin hasilatı və kəşfiyyatı sahəsində ixtisaslaşan şirkətlərin birləşməsi astanasındayıq. Yalnız innovativ və yeni qaydalara uyğunlaşa bilən şirkətlər bu böhrandan uğurla çıxa biləcəklər.

Neft və qaz kimyası, habelə neft emalı sənayesinin böhran zamanı cəlbediciliyi

 Hələ ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi vaxtda, kimya kompleksinin inkişafı üçün onun tərəfindən yaradılmış zəngin istehsalat bazası əsasında bu gün “Azərikimya” İstehsalat Birliyi ölkə daxilində, eləcə də, xaricində istehlakçıları öz qiymətli məhsulları ilə təchiz edir. Məhz buna görə, əlavə dəyər yaradan neft və qaz kimyası, habelə neft emalı sənayesinə Azərbaycan dövləti tərəfindən istər ölkənin daxilində, istərsə də xaricində vaxtında böyük investisiyalar yatırılmışdır. Buna misal olaraq SOCAR 2008-ci ildə Türkiyənin ən böyük neft-kimya kompleksi olan “Petkim”in 51% hissəsini alaraq Türkiyə bazarına daxil oldu, STAR layihəsinə sərmayə yatırdı. Ölkə daxilində isə “SOCAR Karbamid”, “SOCAR Methanol”, “SOCAR Polymer” layihəsi çərçivəsində Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları kimi strateji əhəmiyyətli layihələr həyata keçirməyə başladı. Bundan əlavə SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda və Azərikimya İB neft-kimya kompleksində aparılan modernizasiya işləri də dövlət tərəfindən bu sahənin inkişafına yönəltdiyi diqqəti nümayiş edir. Bu layihələr qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda bu layihələr ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradan layihələrdir.

Hazırda Türkiyədə neft-kimya məhsullarına olan tələbatın 75%-i idxal hesabına təmin edilir və bu məhsullara tələbat hər il 12% artır. “Petkim” şirkətində davam edən müasirləşdirmə işlərindən sonra ölkəyə neft-kimya məhsullarının idxalının 30% azalacağı ehtimal edilir. “Petkim”in əsas xam mal ehtiyacı naftadır və o hazırda “Star” zavodundan təmin edilir. Biz pandemiya dövründə bu startegiyanın nə qədər əhəmiyyətli olduğunun şahidi olduq. Virus ilk olaraq Çində meydana gəldi və bu ölkədə tətbiq edilən sərt karantin rejimi təchizat zəncirində ciddi problemlər yaratdı. Bu səbəbdən bir çox neft-kimya şirkətləri iri istehsalat müəssisələrini xammal ilə vaxtında təchiz edilə bilmədiyinə görə, məhsul istehsalı ciddi şəkildə aşağı düşdü. Nəticədə bəzi şirkətlərin bazar payları əhəmiyyətli dərəcədə  azaldı. Lakin “Petkim” öz xammal ehtiyacını birbaşa “Star”dan qarşıladığına görə, pandemiya dövründə  öz istehsalını fasiləsiz və daha keyfiyyətli bir şəkildə həyata keçirə bildi. Beləliklə, Petkim bazarda öz payını artıra bildi. Bu isə qardaş Türkiyə dövlətinin iqtisadiyyatına böyük töhfə verilməsi deməkdir.

Ölkə daxilində fəaliyyət göstərən müəssisələrimizdən söz açdıqda qeyd etmək vacibdir ki, “Azərkimya İB” tərəfindən dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalına, habelə “SOCAR Polymer” tərəfindən qoruyucu maskaların istehsalında istifadə olunan polimer məhsulunun istehsalına başlandı. Bütün bunlar ölkəmizin neft və qaz kimyası, habelə neft emalı sənayesində “şaquli inteqrasiya” prinsipi əsasında müəssisələrə yatırılan sərmayənin effektivliyinin bariz nümunəsidir. Böhran bir daha təsdiq etdi ki, digər ölkələrdən ucuz xammalın idxalı əvəzinə, daha dayanıqlı təminat zəncirinin qurulması ölkəmizin təhlükəsizliyinin vacib şərtidir.

Böhranın təbii qaz hasilatına təsiri

Bərpa olunan enerji mənbələrinə keçid üçün ən çox tələb olunan yanacaq növü təbii qaz hesab edilir. O, kömürə nisbətən ekoloji cəhətdən daha təmiz yanacaq növüdür. Məsələn, bir ton ekvivalentində təbii qazın yanmasından alınan istixana qazının tullantıları kömür ilə müqayisədə 1.7 dəfə, yanacaq yağı ilə müqayisədə 1.4 dəfə daha azdır.

Bununla yanaşı, dünyada təbii qaza tələbatın 2030-cu illərində pik həddinə çatacağı gözlənilir. Uzunmüddətli perspektivdə təbii qaz hasilatı neftin üzləşdiyi eyni təzyiqlərlə rastlaşacaqdır. Ümumilikdə, neft-qaz sənayesi, o cümlədən Azərbaycana məxsus iri neft-qaz və neft-kimya şirkətləri uzunmüddətli strategiyalarında bir sıra dəyişikliklər edirlər.

Əsas tələb ondan ibarətdir ki, neft-qaz bazarında baş verən dəyişiklikləri özündə ehtiva edən kapitalın diversifikasiya edilməsi nəticəsində dayanıqlılığın təmin edilməsi üçün yeni biznes modelləri işlənilməlidir.

Şirkətlər bütün aktivlərini yenidən dəyərləndirməli və ona məxsus kapitalı az mənfəətli şirkətlərdən daha dayanıqlı və gələcəkdə əlavə dəyər yarada biləcək şirkətlərə transfer edilməsi üçün yol xəritəsi hazırlamalıdır.

Uğurlu fəaliyyət göstərərək daha da mütərəqqiləşmək uğrunda mücadilə edən bir sıra şirkətlər gələcəyin enerji texnologiyalarına doğru sürətlə hərəkət etməli və meydana çıxan fürsətlərdən maksimum dərəcədə istifadə etməlidirlər. Belə diversifikasiya nəticəsində enerji şirkətləri kapital bazarında öz etimadlarını doğrulda və  gəlirlərini artıra bilərlər.

Beynəlxalq Enerji Agentliyi COVID-19-un qlobal enerji bazarına vurduğu zərərləri qiymətləndirərək hazırladığı hesabatda bildirib ki, 2020-ci ildə qlobal enerjiyə tələbat 6% azalacaq və bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük azalma olacaqdır. 2009-cu ildəki maliyyə böhranı ilə müqayisədə bu rəqəm yeddi dəfə çoxdur.

Enerji tələbatının azalması, əsasən, COVID-19 virusunun yayılmasına qarşı evdən işləmə, nəqliyyatın (hava, dəmir yolu, avtomobil, gəmi və s.) məhdudlaşması və ya müəssisələrin müvəqqəti dayandırılması kimi karantin tədbirləri ilə əlaqədardır. Qismən və tam karantin tətbiq olunduğu ölkələrdə enerjiyə tələbatın həftəlik azalması müvafiq olaraq 17% və 25% olaraq qeydə alınmışdır. Hər bir əlavə karantin ayının tətbiq edilməsi nəticəsində illik qlobal tələbatın 1.5% azalacağı ehtimal edilir.

Elektrik enerjisinin istehlakı 2020-ci ildə 5% azalacaq və bu, Böyük Depressiyadan bəri ən böyük azalma olaraq tarixə keçəcəkdir.

Pandemiya nəticəsində bəzi sahələrin müsbətə doğru inkişaf etməsi də müşahidə olunur. Artıq Avropada aşağı karbon emissiyalı iqtisadi artım və rifah hədəfləri rəhbər tutularaq bioenerji, geotermal, hidroenergetika, okean, günəş və külək enerjisi də daxil olmaqla bərpa olunan enerjinin bütün növlərinin geniş yayılması və davamlı istifadəsi təşviq edilir. Bərpa olunan enerji mənbələri mövcud vəziyyətdən istifadə edərək bu boşluğu aradan qaldırır. Bu işlərin daha da intensivləşməsinə səbəb Almaniya, İspaniya və Böyük Britaniya kimi dövlətlərin karantinlə əlaqədar elektrik enerjisinə tələbin azaldığı dövrdə kömürlə işləyən elektrik stansiyalarının dayandırılması qərarı olmuşdur.

Ekspertlərin rəyinə əsasən, COVID-19 pandemiyasinin yaratdığı böhranın nəticəsində karbon dioksid (CO2) tullantılarının bəşər tarixində ən güclü azalması müşahidə edilir. Hesablamalar göstərir ki, enerji ilə əlaqəli karbon qazı tullantıları 2020-ci ildə demək olar ki, 8% azalaraq on il ərzində ən aşağı səviyyəyə enəcəkdir.

Cənub Qaz Dəhlizi layihəsi pandemiya dövründə

Cənub Qaz Dəhlizi layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi (“Şahdəniz 2”) çərçivəsində hasil ediləcək qazın Türkiyə və Avropaya boru kəmərləri ilə nəqlini  həyata keçirəcəkdir.

Azərbaycanın təşəbbüskar olduğu, 6 ölkənin, 11 iri şirkətin iştirakı ilə ərsəyə gələn bu meqa layihənin reallaşdırılması üçün ona inanıb ortaya siyasi iradə qoymaq tələb olunurdu və bunu məhz Azərbaycanın Prezidenti İlham Əliyev etdi.

Pandemiya böhranına baxmayaraq, artıq Şahdəniz 2 layihəsi üzrə görülən işlər 94.7%, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Anadolu Boru Kəməri (TANAP) üzrə işlər 100%, TAP üzrə işlər isə 96.4% yerinə yetirilmişdir. Şahdəniz və Trans Adriatik Boru Kəməri (TAP) üzrə işlər operatorlar tərəfindən karantin rejiminin qaydalarına uyğun olaraq davam etdirilməkdədir. Ümumiyyətlə, hər il layihələr üzrə risklər və onların təhlükə dərəcələri qiymətləndirilir və onların aradan qaldırılması üçün zəruri tədbirlər planlaşdırılır və icra edilir.

BP-nin dərc etdiyi hesabata görə (BP Statistical Review of World Energy) ötən il Azərbaycan kommersiya məqsədli təbii qaz hasilatını dünyada ən çox artıran ölkə olub. Belə ki, Azərbaycanın hasilatı 27.7% artaraq illik 24.3 milyard kub metrə çatıb.

Məlumat üçün qeyd edək ki, 2020-ci ilin may ayında Türkiyənin Azərbaycandan təbii qaz idxalı 14.51% artıb, Rusiyadan idxalı isə 62.01% azalıb. Beləliklə də Azərbaycan Türkiyənin ümumi təbii qaz idxalının 33.05%-ni təşkil edərək Türkiyə bazarında lider olub. TANAP boru kəməri istismara verilən tarixdən bu günədək Türkiyəyə təqribən 6 milyard kub metrə yaxın qaz nəql edilib.

Əlbəttə, geosiyasi risklər, xüsusən, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması Azərbaycanın neft-qaz sənayesini, o cümlədən, Cənub Qaz Dəhlizi layihəsini böyük təhlükəyə atır. Ermənistanın son təxribatlarında məqsədi bu ərazidə sabitliyi pozmaq və Avropa üçün alternativ enerji mənbələrinə və yeni bazarlara çıxmağa imkan yaradan bu əhəmiyyətli layihələrin fəaliyyətinə maneçilik törətməkdir. Neft və qaz dünya miqyaslı xammal növləri olduğundan dolayı, hasilat aparılan və ya bu məhsulların istehlak olduğu yerlərdə nəinki sabitlik təmin edilməli, həm də onların nəqlinin təhlükəsizliyi qorunmalıdır.

Bakı-Ceyhan boru kəməri gündəlik 1.2 milyon barel xam neftin keçiricilik gücünə malikdir və bu, boru kəmərləri üçün təhlükə olduqda qlobal bazarların reaksiya verməsi üçün yetərli bir həcmdir. Bundan əlavə, hər gün 30 milyon kubmetrdən artıq təbii qaz toqquşmaların baş verdiyi Tovuz bölgəsi vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına nəql olunur. İlin sonuna Avropaya təbii qazın çatdırılması bu həcmləri nəzərəçarpacaq dərəcədə artıracaqdır.

Belə ki, Cənub Qaz Dəhlizinin tikintisinin yekunlaşması istiqamətində həlledici mərhələ bu ilin sonuna qədər Azərbaycan qazının artıq Avropaya çatdırılması olacaqdır. TAP boru kəmərində son qaynaq işləri yekunlaşıb. Bu o deməkdir ki, TANAP boru kəmərinə qoşulan hissədən İtaliyadakı qəbul terminalınadək 878 kilometrlik boru kəməri artıq birləşmişdir. Ötən ay TAP-ın Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası müvəffəqiyyətlə tamamlandı. COVID-19 pandemiyası nəzərə alınaraq, TAP və onun podratçıları bütün əməkdaşların sağlamlığı və təhlükəsizliyini qorumaq məqsədilə geniş tədbirlər həyata keçirmişdir.

Ümumiyyətlə, COVID-19 pandemiyasının bütün dünyaya zərbə vurması və nəticədə bir çox ölkənin özünütəcrid siyasəti yürütdüyü sirr deyil. Bütün bunlar qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb olub. Belə bir şəraitdə, təbii ki, dünyada iqtisadi fəallıq azalıb və bütün qlobal sahələrdə şok effekti yaranıb. Bütün bunların fonunda Cənub Qaz Dəhlizi layihəsinin bütün həlqələrində layihə operatorları tərəfindən həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər nəticəsində inşaatın son tamamlama işlərinin uğurla və fasiləsiz davam etdirilməsi, həqiqətən, qürurvericidir.

Lakin, COVID-19 nəticəsində təbii-qaz və kondensatın dünya bazar qiymətlərinin aşağı düşməsi Layihə şirkətlərinin maliyyə axınının müvəqqəti olaraq azalmasına gətirib çıxarmışdır. Layihə üzrə təbii qazın hasilatının və nəqlinin plato dövrü öncədən 2022-ci ilə planlaşdırılmışdır və neft-qaz sahəsində nüfuzlu bazar araşdırması şirkətləri neftin və təbii qazın qiymətlərinin həmin dövrə yenidən yuxarı həddə olmasını proqnoz edir. Buna baxmayaraq, dayanıqlı maliyyə modellərinin müxtəlif ssenarilər əsasında hazırlanması bizə deməyə əsas verir ki, “Cənub Qaz Dəhlizi” QSC beynəlxalq maliyyə institutları qarşısında olan maliyyə öhdəliklərini vaxtında və tam olaraq icra edə biləcəkdir.

Vurğulamaq vacibdir ki, layihənin gəlirləri tək təbii qazın satışından deyil, həmçinin xam neftə bərabər olan kondensatın satışından əldə edilir. Həmçinin, pandemiya nəticəsində bütün dünyada təbii qazın qiymətlərinin aşağı düşməsinə baxmayaraq, “Cənub Qaz Dəhlizi” QSC CQBK, TANAP və TAP layihələri üzərindən səhmlərinə mütənasib olaraq təbii qazın daşınmasından əldə etdiyi mənfəət Cənub Qaz Dəhlizi layihəsinin 4 halqasının birlikdə cəlbediciliyini əks etdirir.

Əminik ki, Cənub Qaz Dəhlizi layihəsinin axırıncı seqmentinin açılışı bu ilin sonunda baş tutacaq və biz gələcəkdə Avropaya əlavə 10 milyard kubmetr təbii qazın verilməsi üçün layihənin genişlənməsinin iqtisadi və siyasi aspektləri mövzusu ilə oxucularımızı tanış etməyə davam edəcəyik.

"Biznes Həyatı" jurnalı 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)