Bank

S&P: Depozitlərin yüksək dollarizasiyası bank sektorunda valyuta və kredit risklərini artırır

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun sahə və ölkə risklərini təhlil edərkən bir sıra müsbət və mənfi məqamları ortaya qoyub. Müsbət məqamlar kimi dövlətin xarici aktivlərinin böyük həcmli və borcunun nisbətən aşağı olması, beynəlxalq səviyyədə özəl sektorun borcunun orta səviyyəsi və xarici maliyyələşmə mənbələrindən əhəmiyyətli dərəcədə asılılığın mövcudluğu qeyd olunub.

Yaxın günlərdə dərc edilmiş təhlil hesabatında bildirilib ki, bank sisteminin əsas müştərilərin baza depozitlərinin nisbətən yüksək səviyyəsi ilə fərqləndiyinə və xarici maliyyələşdirilmə mənbələrindən əhəmiyyətli dərəcədə asılı olmamasına baxmayaraq, [2015-ci ildə-red] manatın kəskin devalvasiyası xarici valyutada maliyyələşdirilmə payının bank müştərilərinin vəsaitlərinin 60%-ni üstələməsinə görə bankların valyuta aktivlərinin və öhdəliklərinin həcminin uzunmüddətli qeyri-balansızlılığa gətirib çıxarıb. Ölkəmizdə bank sektorunun zəif tərəfləri kimi aşağı neft qiymətləri və COVID-19 pandemiyası fonunda iqtisadi risklərin artması, yerli valyutanın ucuzlaşmasından sonra müştəri depozitlərinin yüksək dollarizasiyasının bank sektorundakı valyuta və kredit risklərini artırması qeyd olunub.

Maliyyə üzrə ekspert Vüqar Mirzəzadə isə reytinq agentliyin apardığı təhlillə bağlı “Report”a münasibət bildirərkən qeyd edib ki, banklarda dollar depozitlərinin həcmi azalıb:

“Neftin qiymətinin düşməsi banklarda müəyyən qədər valyuta riski yarada bilib. Amma xarici valyuta ehtiyyatlarının azalmaması, valyuta hərraclarının həcminin stabil olması göstərir ki, banklarda hələ ki, güclü təzyiq müşahidə olunmur. Görünür büdcədən müəyyən mexanizmlərlə neftin 45 ABŞ dolları səviyyəsində olan gəlirliyi ilə vəziyyəti tənzimləyirlər. Lakin manatın neftin qiymətindən asılılığı qalır. Pandemiya da banklardakı vəziyyətə müəyyən qədər təsir göstərib.

Əslində bankların depozit portfelində dollar depozitlərinin, xüsusilə müddətli dollar depozitlərinin həcmi azalıb. İlin əvvəlində dollar depozitlərinin həcmi 7 milyard idisə, indi 5,9 milyarda düşüb. Bankların valyuta mövqeyinə və onların kredit portfelinin həcminə diqqət ayrılmalıdır. Bankın valyuta mövqeyi bağlıdırsa, yəni bankın 50 milyon ABŞ dollarlıq depozit və 50 milyon ABŞ dollarlıq da kredit portfeli varsa, məzənnə dəyişərsə valyutanın yenidən qiymətləndirilməsi banka heç bir təsir göstərməyəcək. Burda valyuta riski yoxdur. Amma bu zaman kreditlərin qayıtma səviyyəsi azala bilər.

Hazırda Bazel 3 standartın əksər elementləri artıq bizim bank qaydalarında tətbiq olunur. Fiziki şəxslərə xarici valyutada kredit verilirsə, onun əmsalı 200%-ə yaxın olur. Bu o deməkdir ki, banklar fiziki şəxslərə dollarla kredit verməkdə maraqlı deyillər. Çünki bu kapitallaşmanı aşağı salır. Bu səbəbdən onlar daha çox ən aşağı risk dərəcəsi olan, xarici valyutada gəliri olan hüquqi şəxslərə kredit verirlər. Bu halda belə bankların valyuta mövqeyi bağlıdırsa, manatın məzənnəsinin dəyişməsi bank sektoruna güclü təsir etməməlidir”.

Xarici valyutada maliyyələşdirilmə payının bank müştərilərinin vəsaitlərinin 60%-ni üstələməsi məsələsinə gəlincə, ekspert hesab edir ki, burada müddətli depozitlərə olan nisbət nəzərə alınıb:

“Bank sektorunun kredit portfeli xarici valyutada 4 milyard yarımdırsa, onun müddətli depozitlərə nisbəti 60%-dir. "S&P Global Ratings"in hesabatında nəzərdə tutulan budur. Dollarla müddətli depoztlərin həcmi kredit portfelinin həcmindən çoxdur. Kredit portfeli əmanət portfelinin 60%-ni təşkil edir. Ola bilər ki, dollarla verilən kreditlərin müəyyən qismi silinməyə gedib və ya devalvasiyadan sonra bağışlamalar, endirimlər olub.

Dollar depozitləri istifadə olunmursa, yəni  kredit portfelinə, yaxud likvidlik boşluqlarını doldurmağa yönəldilmirsə onlardan azad olmaq daha məqsədəuyğundur. Lakin bu barədə sadəcə ümumi balansa baxmaqla da bütün bank sektoru barədə fikir demək olmaz. Hər bir banka individual yanaşılmalıdır. Ödənişlərin dövriyəsinə baxsaq, depozitlərin daha qısa, kreditlərin isə daha uzun müddətli olduğunu görə bilərik. Depozitlərin müddəti bizim bank sektorunda maksimum 3 illikdir. Müştərilər daha çox bir illik depozit yerləşdirirlər. Bəzən depozitlərin çox olması ödəniş müddətlərinin və likvidliyin qorunmasına istifadə oluna bilir ki, bu da individual bir təhlil tələb edir. Sözsüz ki, pandemiya da kredit ödənişlərində müəyyən risklər ortaya çıxarıb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)