Azərbaycan neftin qiymətilə bağlı 3 ssenari hazırlayıbə bağlı 3 ssenari hazırlayıb
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə (neftin qiyməti 35, 40, 45) proqnozlara əsasən 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir.
ENA.az xəbər verir ki, həmin proqnozlara əsasən baza (40 $) ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3,7 faiz az olmaqla 70,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2,9 faiz az olmaqla 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır.
Proqnozlara əsasən 2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə ölkədə ÜDM-in həcmi 2024-cü ildə 89,5 milyard manata qədər artacaqdır. Qeyd edək ki, qeyri-neft ÜDM növbəti ildə 3,5 faiz real artımla 53,6 milyard manat təşkil edəcəyi gözlənilir. 2021-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun pay bölgüsündə ən böyük (33,2 faiz) çəkiyə malik sənayedə 25,0 milyard manatlıq, kənd təsərrüfatında 5,6 milyard manatlıq (xüsusi çəkisi 7,4 faiz), tikintidə 5,7 milyard manat, xidmətlərin istehsalında isə 31,8 milyard manat həcmində əlavə dəyər istehsal ediləcəyi gözlənilir. Məhsula və idxala xalis vergilər ÜDM-in strukturunda 9,7 faizə bərabər xüsusi çəkiyə malik olmaqla 7,3 milyard manat təşkil edəcəkdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,1 faiz artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 3,0 faiz artım gözlənilir. Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri və eləcə də güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, o cümlədən bu istiqamətdə planlaşdırılan tədbirlərin reallaşdırılması və real sektorda iqtisadi aktivliyin yenidən əvvəlki səviyyədə bərpa edilməsi nəticəsində ortamüddətli dövr üzrə ən yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə gözlənilir.
İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərin daha da sürətləndirilməsi ortamüddətli dövrdə qeyri-neft sektorunun inkişafını dəstəkləyəcəkdir və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olacaqdır. Ortamüddətli dövrdə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 72,2 faizə, neft sektorunun payının isə 27,8 faizə bərabər olacağı proqnozlaşdırılır.