Azərbaycan dəmir yolunu yenidən qurmaq üçün 150 milyon dollar borc alacaq
Asiya İnkişaf Bankı (AİB) dəmir yollarının modernləşdirilməsi üçün Azərbaycana 150 milyon dollar kredit ayırmağı planlaşdırır. AİB-in açıqladığı məlumata əsasən, Azərbaycanın dəmir yollarının inkişafı üzrə layihələrin maliyyələşdirilməsinə 75 milyon dollar məbləğində ilk kredit tranşının 2023-cü ildə ayrılması planlaşdırılır.
Kredit vəsaitləri Bakı-Astara (İran sərhədi) dəmir yolunun modernləşdirilməsinə yönəldiləcək. "Bu dəmir yolunun modernləşdirilməsi Azərbaycan rəhbərliyinin reallaşdırılmasına xüsusi önəm verdiyi Şimal-Cənub layihəsinin bir hissəsi olacaq.
AİB 2017-ci ilin dekabr ayında dəmir yolu sisteminin inkişafı üçün Azərbaycana 400 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit vəsaiti hesabına "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin gücləndirilməsi, cəmiyyətin maliyyə səmərəliliyinin artırılması, ADY-nin yeni korporativ strukturunun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bundan başqa, Bakıdan Rusiya ilə sərhədə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə AİB ölkəmizə 5 milyard dollardan çox kredit ayırıb.